Türkiyəli nazir Zəngəzur dəhlizindən danışdı

13.11.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Zəngəzur dəhlizi və Əlican sərhəd-keçid məntəqəsi layihələri Türkiyənin regional ticarət şəbəkəsindəki rolunu yenidən müəyyənləşdirəcək.

“Cebheinfo.az”-ın məlumatına görə, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadır Uraloğlu belə deyib.

O qeyd edib ki, Zəngəzur dəhlizi Türkiyə ilə Azərbaycanı birbaşa birləşdirəcək və Asiyadan Avropaya yeni ticarət yolu yaradacaq.

Nazir bildirib ki, bu, məsafələri qısaldacaq, xərcləri azaldacaq və Türkiyənin regional ticarət gücünü artıracaq.

Uraloğlunun sözlərinə görə, Türkiyə-Ermənistan sərhədində yerləşən Əlican sərhəd-keçid məntəqəsində hazırlıq işlərinə başlanılıb. 

“Körpünün hazırkı vəziyyətinin qiymətləndirilməsi və yenidən qurulması da daxil olmaqla, planlarımızı tamamladıq. 

Biz Azərbaycan və Ermənistanla konsensus prosesinə doğru sürətlə irəliləyirik. Sülh prosesi başa çatdıqdan sonra Əliçan keçid məntəqəsi də açılacaq”, - deyə Türkiyə rəsmisi əlavə edib.

Abdülkadır Uraloğlu həmçinin, Azərbaycan və Ermənistan nazirləri ilə görüşdüyünü bildirib.

“Burada ciddi bir nizamlanma prosesi gedir. Başqa sözlə, Ermənistanın Baş naziri əhəmiyyətli təşəbbüs göstərir və ciddi risklərə gedir. Biz bu prosesi yaxından izləyirik. Əlican sərhəd qapısındakı körpünün hazırkı vəziyyətinin qiymətləndirilməsi və yenisinin tikintisi də daxil olmaqla biz müəyyən planlar hazırlamışıq. Biz sözün əsl mənasında, Azərbaycan, Ermənistan və Türkiyə arasında konsensusa nail olmaq üçün sürətlə irəliləyirik. Bu baş verəndə, Allah qoysa, biz bu qapını açacağıq”, - deyə o bildirib.

Nazirin sözlərinə görə, bu inkişaf Zəngəzur dəhlizinin səmərəliliyini artıracaq və Çindən Böyük Britaniyaya gedən ticarət yolunu daha səmərəli edəcək. 

O əlavə edib ki, Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xəttinin tikintisi Zəngəzur dəhlizinə birləşdiriləcək və “Orta” (Transxəzər) Nəqliyyat Dəhlizini gücləndirəcək.

Uraoğlu vurğulayıb ki, Qars-İğdır-Dilucu xətti təkcə Türkiyənin deyil, bütün Cənubi Qafqazın və Avrasiyanın gələcəyini formalaşdıracaq ən vacib layihələrdən biridir.

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью