Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.
Səfər çərçivəsində Türkiyə Prezidenti 8 Noyabr – Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək.
Gununesi.info-ya açıqlamasında Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri, politoloq Hasan Oktay səfərlə bağlı gözləntilərini bölüşüb:
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfər edəcəyi gözlənilir. Hazırda diqqət Antalyada keçiriləcək COP31 toplantısına yönəldiyindən, Ərdoğanın Bakıya səfərinin həmin toplantıdan sonraya təsadüf etməsi ehtimalı daha yüksəkdir.
Belə bir ehtimal da var ki, Ermənistanın baş naziri Nikol Paşinyan da Antalyadakı toplantıda iştirak etmək istəyir. Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında mümkün görüşün zəminini hazırlamaq və bu istiqamətdə mühüm addım atmaq məqsədilə bir neçə saatlıq Bakıya gələrək Əliyevlə məsləhətləşmələr apara bilər.
ABŞ Prezidenti Donald Trampın iştirakı ilə İlham Əliyev və Nikol Paşinyanın daha əvvəl imzaladıqları ilkin razılaşmanın ABŞ-da keçiriləcək aralıq seçkilərdən sonra qüvvəyə minməsi ehtimalı zəifləyib. Bu səbəbdən yeni sülh təşəbbüsünə ehtiyac yaranır. Bunun üçün Antalyadakı toplantıdan əvvəl geniş məsləhətləşmələrin aparılması vacibdir.
Biz QAFSAM olaraq hesab edirik ki, dəhlizlərin açılması mümkün görünmür. Üçtərəfli sülh razılaşması əldə olunacağı təqdirdə isə dəhlizlərə ehtiyac qalmayacaq. Dünyada baş verən proseslər də bu istiqamətdə meyillərin olduğunu göstərir. Buna görə də bölgəyə yeni tərəflərin cəlb edilməsinə ehtiyac yoxdur. Türkiyə, Ermənistan və Azərbaycan arasında sülh sazişi mümkün qədər tez imzalanmalıdır”.
Şəbnəm Rəhimova