Icma.az bildirir, futbolpress-az portalına istinadən.
Rusiya Futbol İttifaqı (RFİ) keçmiş FIFA hakimi Cüneyt Çakıra yeni vəzifə tapşırıb.
Futbolpress.az xəbər verir ki, türkiyəli mütəxəssis Rusiya Birinci Liqasının hakimlik korpusunun kuratoru və gənc referilərin inkişaf proqramının rəhbəri təyin olunub. Bu barədə təşkilatın rəsmi saytı məlumat yayıb.
49 yaşlı keçmiş referi hakimlərin hazırlanması, qiymətləndirilməsi və irəli çəkilməsi üzrə vahid sistemin yaradılmasına cavabdeh olacaq. O həmçinin, Rusiya Birinci Liqası və İkinci Liqada hakimlərin təyinatına nəzarət edəcək, oyunları təhlil edərək perspektivli referiləri müəyyənləşdirəcək.
Cüneyt Çakır 2006–2022-ci illərdə FIFA referisi olub. O, DÇ-2014 və DÇ-2018-in oyunlarını idarə edib, 2015-ci ildə isə Çempionlar Liqasının finalında (“Yuventus” – “Barselona”) hakimlik edən ilk türkiyəli kimi tarixə düşüb. Mütəxəssis 2023-cü ildən Gürcüstan Futbol Federasiyasının Hakimlik Departamentinin rəhbəridir.