Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyənin xarici işlər naziri Hakan Fidanın “Sky News Arabia”ya müsahibəsində Avropa İttifaqı (Aİ) ilə bağlı dedikləri diqqət çəkir. O bildirib ki, Türkiyəni 63 ildir qapısında gözlədən və keçmişdə “uyğunlaşdırma qanunları” adı altında bir sıra güzəştlərə getmiş Aİ, Ankaraya qarşı kimlik siyasəti yürütməyə davam etdiyi müddətcə ölkəsinin quruma üzv olacağını düşünmür.
Sitat:
“Bizi fərqli bir dinə və fərqli bir sivilizasiyaya mənsub kimi görərək kimlik siyasəti aparırlar. Əgər Türkiyə Avropa İttifaqının üzvü olsaydı, Breksit baş verməz, İngiltərə çıxmaz və Avropa İttifaqı bugünkü böhranlar qarşısında daha davamlı olardı. Gün gələcək, Avropa bizə “gəlin” deyə yalvaracaq. Görək həmin gün hansı qərarı verəcəyik”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da 2013-cü ildə Avropa İttifaqına yönəlmiş çıxışında “Biz quzu deyilik, müəyyən bir məqamda hər şeyə nöqtə qoyarıq” ifadəsi ilə Türkiyənin qlobal sistemdə yalnız müşahidəçi olmadığını, oyun qaydalarını müəyyən edə bilən ölkə olduğunu vurğulamışdı.
Avropa İttifaqı nə üçün Türkiyəyə layiq olduğu dəyəri vermir?
Globalinfo.az-a danışan politoloq Fərhad Məmmədov deyib ki, son 20 il ərzində Türkiyə Aİ-nin ona qarşı qoyduğu tələblərin bir çoxunu həyata keçirib:
“Son 20 ildə Avropa İttifaqına üzvlük prosesinə Türkiyədən daha əvvəl qoşulan və üzv qəbul edilən ölkələrin həyata keçirdikləri islahatlar Ankaranın addımlarından qat-qat azdır. Yəni Türkiyə onlardan daha hazırlıqlı və Avropaya daha vacib ölkədir. Həm iqtisadi, həm siyasi, həm də geosiyasi məsələlərdə Türkiyənin buna haqqı var. Amma Hakan Fidanın da qeyd etdiyi kimi, burada ancaq kimlik məsələsidir. Yəni müsəlman və türk olmaları bunu əngəlləyir”.
Fərhad Məmmədov əlavə edib ki, hazırda Avropa İttifaqı böyük çağırışlarla üz-üzədir:
“Aİ həm təhlükəsizlik məsələsində, həm də Amerika Birləşmiş Ştatları ilə münasibətlərdə çağırışlar qarşısındadır. Bu böhranda Türkiyənin rolu artmaqdadır. Lakin bu, heç bir halda Avropa İttifaqının Türkiyəyə münasibətinin dəyişməsinə gətirib çıxarmır. Hakan Fidan bildirir ki, yaxın gələcəkdə mövqe dəyişə bilər. Bəli, bu ola bilər. Amma düşünmürəm ki, onlar hətta ən çətin vəziyyətdə belə Türkiyənin Avropa İttifaqına üzv olmasına razılıq versin”.
Zaira Akifqızı
Globalinfo.az