Türkiyənin Adana şəhərində dünyada ən böyük arı “oteli” açılıb

10.06.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ankara, 10 iyun, AZƏRTAC

Adananın Kozan rayonunda “Anavarza Honey” tərəfindən “Yaşasın arılar” layihəsi çərçivəsində inşa edilən dünyanın ən böyük arı “oteli” rəsmi olaraq Ginnesin Rekordlar Kitabına daxil edilib.

AZƏRTAC xəbər verir ki, layihə arılara təhlükəsiz sığınacaq təmin edir, biomüxtəlifliyin qorunmasına və arıların kütləvi ölümü barədə ictimaiyyətin məlumatlılığının artırılmasına töhfə verir.

Ölçmələr və yoxlamalar apardıqdan sonra Ginnesin Rekordlar Kitabının nümayəndəsi Şeyda Subaşı Gemici “Arı oteli”ni dünya rekordçusu kimi tanıyıb.

Layihə ekosistemlərin dayanıqlığında mühüm rol oynayan, lakin koloniyalar şəklində yaşamayan arılara yönəlib.

“Anavarza Honey” şirkətinin baş direktoru Can Sezen bildirib ki, “otel”in yaradılmasında məqsəd arı populyasiyasını qorumaqdır. “Son tədqiqatlar göstərir ki, bəzi arı növləri məhv olub və arı populyasiyalarında əhəmiyyətli dərəcədə azalma müşahidə olunur. Əsas səbəblər pestisidlər, yaşayış mühitinin itirilməsi və iqlimdir. Bu gün biz vəhşi arıların çoxalması üçün zəmin yaratmağı hədəfləyirik”, - deyə o bildirib. Şirkət rəhbəri qeyd edib ki, “Anavarza Honey” mütəxəssisləri strukturun yaradılmasına təxminən bir il vaxt sərf ediblər.

“Otel” hər biri yüzlərlə arını yerləşdirə bilən 81 bölmədən ibarətdir. Biz, əsasən, vəhşi arılara diqqət yetiririk”, -deyə Sezen əlavə edib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью