Türkiyənin ali təhsil müəssisələrində xarici mütəxəssislərin sayı məhdudlaşdırılacaq

09.06.2025

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Ankara, 9 iyun, AZƏRTAC

Türkiyənin ali təhsil müəssisələrində müqavilə əsasında çalışan xarici vətəndaşların sayı mövcud işçi heyətinin cəmi 2 faizi səviyyəsində məhdudlaşdırılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə müvafiq qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin (parlamentin) plenar iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsinin müəllifləri qeyd ediblər ki, ali təhsil sistemində bu dəyişiklik kadr siyasətinin daha səmərəli şəkildə planlaşdırılmasına imkan yaradacaq.

Türkiyə Ali Təhsil Şurasının (YÖK) məlumatına görə, 2023–2024-cü tədris ilində ölkə universitetlərində müqavilə əsasında 3 minədək xarici mütəxəssis çalışıb. Müqaviləli əsasda fəaliyyət göstərən xarici müəllimlərin əksəriyyətini İran, Azərbaycan, ABŞ və Suriya vətəndaşları təşkil edib.

Xüsusilə vurğulanıb ki, Türkiyənin ali məktəblərində çalışan azərbaycanlı mütəxəssislərin sayı 235 nəfər olub. Onlardan 39-u professor, 13-ü isə dosent elmi adını daşıyır.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью