Icma.az, Sherg.az portalına istinadən məlumat verir.
Türkiyənin dəyəri 1 milyard dolları aşan startaplarının (Turcorn/Unicorn) sayı rəsmən 8-ə çatıb.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin Sənaye və Texnologiya Nazirliyi məlumat yayıb.
Bildirilib ki, beynəlxalq bazarlara çıxan yeni süni intellekt şirkəti qlobal fondlardan nəhəng investisiya alaraq Türkiyənin yeni milyardlıq brendinə çevrilib.
İzmir şəhərində fəaliyyət göstərən süni intellekt yönümlü texnologiya şirkəti "HubX" "Point72 Private Investments" fondu ilə təxminən 75 milyon dollar investisiya almaq barədə rəsmi razılıq əldə edib.
Şirkətin ümumi dəyəri 1,2 milyard dollar səviyyəsində qiymətləndirilib ki, bu da onu ölkənin yeni "Turcorn"u statusuna qaldırıb. İndiyə qədər xarici maliyyə almadan daxili imkanlarla böyüyən şirkət 40-dan çox mobil tətbiq hazırlayaraq dünyada 600 milyondan çox istifadəçiyə çatıb.
Bununla da Türkiyədə milyard dollarlıq startap statusu qazanan nəhənglərin siyahısı belə tamamlanıb: Peak Games, Getir, Dream Games, Trendyol, Hepsiburada, Insider, Loom və HubX.
Türkiyə hökuməti rəsmi "Turcorn 100" dövlət proqramı çərçivəsində 2030-cu ilə qədər ölkədən daha 100 belə nəhəng startap çıxarmağı hədəfləyir.