Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
Pərvanə SULTANOVA
[email protected]
Qara dəniz bölgəsində yerləşən Rizə Türkiyənin cənnəti adlandırılır. Qışı hər nə qədər soyuq keçsə də, yaz-yay aylarında təbiəti, havası, təpə yamacları, zümrüd-yaşıl yaylaları, qaynayan çayları və tarixi qalaları ilə göz oxşayır. Rizəni, onun ən məşhur yaylalarından olan Ayderi qışda ziyarət etmək imkanım oldu. Ağappaq qar örpəyinə bürünən bölgə qış fəslində nağıllar aləmini xatırladır.
Rizə haqqında ilk təəssüratım elə hava limanından başlayır. Təyyarə eniş edəndə böyük armudu stəkan maketi diqqətimi çəkir. Bu da səbəbsiz deyil. Rizə çayın vətənidir. 2022-ci ildə açılmış Rize-Artvin Hava Limanında çay muzeyinin olduğunu bilirdim. Ona görə də vaxt itirmədən muzeyi ziyarət etdim. Çay sevən biri olaraq muzey mənim üçün daha böyük maraq kəsb edirdi. Burada müxtəlif ölkələrə məxsus qədim çayniklər, çay ənənələrini əks etdirən təsvirlər, Rizədə istehsal olunan çay növləri, armudu stəkan formasında oturacaqlar və s. sərgilənir.
Yeri gəlmişkən, Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Prezident İlham Əliyev Rize-Artvin Hava Limanının açılışında iştirak edib. Azərbaycan lideri öz çıxışında Rizəni cənnət adlandırıb: "Mən ilk dəfədir ki, Rizədəyəm. Bu diyar haqqında çox eşitmişəm. Təyyarə ilə gələrkən pəncərədən bu gözəl mənzərəni seyr edərkən və artıq buradan seyr edərkən əziz qardaşıma dedim ki, bu yer cənnətə bənzəyir".
lll
Rizə adının mənşəyi ilə bağlı müxtəlif fikirlər irəli sürülüb. Bəzi mənbələrə görə, Rizə yunan dilində "dağ ətəyi" mənasını verir. Anadolunun şimal-şərqində, Kaçkar dağları ilə Qara dəniz arasında, olduqca sərt ərazidə yerləşən Rizenin tarixi haqqında kifayət qədər məlumat mövcud deyil. Rizə bölgəsində yaşayan ilk xalqlar iltisaqi dildə danışan Asiya qəbilələri olub. Bölgənin adının ilk yazılı qeydi eramızdan əvvəl 8-ci əsrə aiddir.
Rizə, xüsusilə təbiətsevərlər və dağ turizmi ilə maraqlananlar üçün əvəzolunmaz bir məkandır. Yay aylarında həm Türkiyənin özündən, həm də digər ölkərdən, Yaxın Şərqdən, Avropadan, Azərbaycandan, Gürcüstandan turistlər bura axın edir. İndi hədəflərdən biri də ərazidə qış turizminin inkişafıdır. Düzdür, qış turizmi, xüsusilə xizək turizmi var, amma bu, kifayət qədər bahalı olduğu üçün çox turist bölgəyə hələ ki, gəlmir.
lll
Rizə yaylaları ilə məşhurdur. Kaçkar dağlarının ətəklərində sakit atmosferdən, təbiətin özünəməxsus gözəlliyindən zövq almaq üçün insanların üz tutduqları çoxsaylı yaylalar var. Onların sırasında Handüzü, Çağrankaya, Vaşa, Petran, Demirkapı, Sivrikaya, Anzer, Ovit, Gölyayla, Sal, Pokut, Hazindağ, Samistal, Golezana, Palovit, Elevit, Amlakit, Çat, Verçenik, Hacıvanak, Aşağı Kavron, Yuxarı Kavron, Ambarlı, Kito və digərlərinin adlarını çəkmək olar. Yayla həyatı iyunun əvvəlindən sentyabrın ilk həftəsinə qədər, üç aylıq bir dövrü əhatə edir. Yaylalar, insanların bolluğu simvolizə edən bir-birinə gül suyu səpdiyi üzüm yığımına həsr olunmuş "Vartavor" festivalı ilə məşhurdur. Ənənəvi xalq rəqsləri (horon) və dumanlı mənzərələr yayla həyatının ayrılmaz hissələridir.
Çamlıhemşin rayonunun 19 km cənub-şərqində, 1218 metr yüksəklikdə yerləşən Ayder yaylası həm də şimaldan Kaçkar dağlarına qalxmaq üçün başlanğıc nöqtəsidir. Burada tipik dağ evlərindən ailəvi qonaq evlərinə və otellərə qədər bir çox qonaqlama təklif edilir. Zəngin flora və faunası ilə yanaşı, şam meşələri və Kaçkar dağları arasında yerləşən isti bulaqları ilə da məşhurdur.
Türkiyə dövlətinin hədəfi Ayderi dünya miqyasında bir platforma olaraq tanıtmaq, başqa sözlə, Davosa çevirməkdir. Bu məqsədlə artıq iki ildir ki, burada dünyanın müxtəlif ölkələrinin nümayəndələrinin iştirakı ilə forumlar keçirilir. Bu ay keçirilən İkinci Beynəlxalq Ayder Forumu barədə danışan Rize valisi İhsan Selim Baydaş deyib ki, Prezident Rəcəb Tayyib Ərdoğan çıxışlarında məmləkəti Rizənin, eləcə də bütün Türkiyənin ən əsrarəngiz təbiəti olan Ayder yaylasını Davos kimi dünya, milli və beynəlxalq məsələlərin müzakirə mərkəzinə çevrilməsi çağırışını ifadə edir: "Bir baxış və məqsəd olaraq qarşımıza qoyulan bu hədəfə çatmaq üçün Ayderdə kifayət qədər yaxşı imkanlar var".
Qeyd edək ki, birinci foruma dünyanın 10 ölkəsindən ekspertlər, alimlər qatılıb, ikincidə isə rəqəm 40-ı keçib.
Ayderin təbiəti Davosun təbiətindən daha cəlbedicidir, indi qalır onu bir beynəlxalq platforma olaraq tanıtmaq. Bunun üçün isə səylər davam edir.
lll
Ayderdəki "Kaçkar" otelin sahibi, uzun illər otelçilik təcrübəsinə malik Dursun Canca bizimlə söhbət zamanı bildirdi ki, hazırda Ayder yaylası daha çox qonaqlama mərkəzinə çevrilib. Kaçkar dağları ilə əhatə olunan ərazidə 100-ə yaxın yayla var. Hər yaylanın isə ayrıca özəlliyi var. Məsələn, Huser yaylasına insanlar gün batımını izləmək üçün gedirlər: "Huserdəki bu görüntü Qara dənizin ən romantik mənzərəsidir. Günəş batdıqca buludlar vadini pambıq kimi bürüyür. Burada səma ilə göz təması qura bilərsiniz. Pokut isə Qara dənizin ən fotogenik yaylasıdır. 2050 metr yüksəklikdə bulud dənizinin üzərində, taxta evlərlə bəzədilmiş cənnəti xatırladır. Bura insanlar gün doğuşunu izləmək üçün gəlirlər. Yaylada təpə və onun boyunca evlər yerləşir, gözəl bir görüntüsü var.
Çeymaçur yaylası sükutun səsidir. Ayder yaylasından 8 km yuxarıda yerləşən bura öz sükutu ilə valeh edir. Çəmənliklərdən duman keçdikcə, daş evlər arasında yalnız təbiət danışır. Yaylaları görmək, onların hər birinin özəlliyi ilə tanış olmaq üçün insanları bura dəvət edirik. Əminik ki, onlar çox məmnun qalacaqlar".
Qeyd edək ki, ərazidə qalalar da çoxdur. Həmsöhbətim deyir ki, qışda yaylalar qapanır, indi oralarda 3-4 metr hündürlüyündə qar var. Amma yayda bu yerlər tamamilə fərqli bir məkana çevrilir:
"Qışda adətən burada beynəlxalq tədbirlərdə iştirak üçün qonaqlar gəlir. Turist aktivliyi qış fəslində azalır. Amma qış turizmi də inkişaf edir. Kanat yolu sistemi, xizək yamacları və sair kimi infrastruktur yenidir. Xizək sürmə çox bahalıdır. Çünki yaylalara qalxmaq helikoperlərlə mümkündür. Xizəkçiləri dağ zirvələrinə helikopterlə endirildiyi və dik yamaclarda, yüksək ərazilərdə xizək sürdüyü bir idman növü olan "helikopterli xizəksürmə" idman növü dünyada yalnız bir neçə mərkəzdə tətbiq olunur. Sonra helikopterlər insanları yenidən aşağı salır. Burada dünyada ikinci "helikopter kayağı"na uyğun qar var, bu qarın özəlliyi toz kimi olmasıdır və xizək sürmək üçün çox uyğun bir qardır".
Dursun Canca əlavə edib ki, qışda əraziyə daha çox Avropa ölkələrindən turistlər gəlir. Burada yollara da böyük investisiyalar qoyulub. Bunun üçün 4 illik bir layihə var idi, lakin 2 ilə tamamlandı. Ərazidə xeyli tunellər inşa olunub ki, bu da xüsusilə qışda nəqliyyatın hərəkətini asanlaşdırır.
Ərazidəki termal suları təmizlənmədən içmək olur və su bir çox xəstəliklər üçün şəfa mənbəyi hesab olunur. Məlumata görə, burdakı su qurğusu Səlcuqlu dövrünə gedib çıxır. Termal bulağın suyunun vaxtilə bir çox dərdlərin dərmanı olması, yaraları sağaltması barədə hekayələr var. Söhbət etdiyimiz oteldə çalışan əməkdaşlardan biri dediyinə görə, mətbəxdə çalışarkən barmağını kəsib və sudan istifadə etdikcə kəsiyin sağaldığını müşahidə edib.
lll
Rizə çaydan əlavə, kivi, mandarin, balıq növləri ilə də məşhurdur. Mətbəxi də rəngarəngliyi ilə göz oxşayır. Rizə qovurması, halva, laz börəyi, sarma, qara üzümdən hazırlanan şirniyyat, mıhlama, minlərlə göyərti növləri, bal, hamsi balığı mətbəxin vazkeçilməzləridir. Laz börəyi yeməkdən sonra çay ilə təqdim edilir. Diqqət çəkən daha bir əsas məqam isə mətbəxdə təbii, sağlam qidalara üstünlük verilməsidir. Bölgə türk mətbəxinin mövsümə görə bənzərsiz ləzzətlərini təqdim edir.
Beləliklə, qışı nağılları, yayı cənnəti xatırladan Rizədə görüləcək-gəziləcək çox yer var. Qalır görmək, gəzmək və kəşf etmək.