Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara və Afina arasında bütün sahələrdə əməkdaşlıq üçün geniş potensialın olduğunu bəyan edib və ölkəsinin Yunanıstanla münasibətlərdə müsbət gündəm formalaşdırmaq niyyətini diqqətə çatdırıb.
Redaktor.az xəbər verir ki, Türkiyə lideri bu fikirləri İstanbulda Yunanıstan Prezidenti Konstantinos Tasoulas ilə keçirdiyi görüş zamanı səsləndirib.
Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə Egey dənizinin sülh dənizinə çevrilməsi məsələsində qətiyyətlidir:
"Türkiyənin Egey dənizini sülh dənizinə çevirməkdə heç bir şübhəsi yoxdur. Egey dənizi və Şərqi Aralıq dənizi sabitlik və rifah bölgələrinə çevrilməlidir".
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin məlumatına görə, görüşdə milli azlıqlar məsələsi də müzakirə olunub. Ərdoğan azlıqları iki ölkənin ortaq irsinin bir hissəsi kimi dəyərləndirib. O, bu məsələyə ilk növbədə humanitar prizmadan yanaşılmasının vacibliyini vurğulayaraq, Yunanıstanın da Ankara ilə eyni konstruktiv mövqe nümayiş etdirəcəyinə ümidvar olduğunu bildirib.
Qeyd edək ki, İstanbuldakı Dolmabahçe Prezident Ofisində qapalı qapılar arxasında baş tutan görüş təxminən 35 dəqiqə davam edib. Toplantıda Türkiyənin xarici işlər naziri Hakan Fidan, Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran və Prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç da iştirak ediblər.
Aminə ŞAHSUVARQIZI