Icma.az, Modern.az saytına istinadən bildirir.
Türkiyənin Hatay vilayətinin Reyhanlı rayonunda 2013-cü ildə 53 nəfərin ölümü ilə nəticələnən terror aktının təqsirləndirilən şəxslərindən biri olan Mihraç Uralın Suriyada saxlanıldığı bildirilir.
Modern.az xəbər verir ki, Türkiyə mediasının məlumatına görə, “Əli Kiyali” adı ilə də tanınan Mihraç Uralın Suriyadan qaçmağa çalışarkən tutulduğu öyrənilib.
1956-cı ildə Antakyada anadan olan Mihraç Ural qanunsuz təşkilat fəaliyyəti ilə əlaqədar Türkiyədə həbsdə olarkən 1982-ci ildə Suriyaya qaçıb.
Mihraç Uralın həyat yoldaşı Malak Fadel vasitəsilə o dövrdə Suriyanın prezidenti Hafiz Əsədin qardaşı Cəmil Əsədlə yaxın münasibətlər qurduğu bildirilir. Məlumata görə, bu əlaqələr və əldə etdiyi imtiyazlar sayəsində Mihraç Ural Suriyada varlı şəxslərdən birinə çevrilib.
Reyhanlı terror aktının planlaşdırılması və təşkilində iştirak etməkdə ittiham olunan, İnterpolun qırmızı bülleteni ilə axtarılan Ömər əl-Xatibin də bir neçə gün əvvəl Avropaya qaçmağa çalışarkən saxlanıldığı bildirilir.
Xatırladaq ki, 2013-cü il mayın 11-də Hatayın Reyhanlı rayonunda bələdiyyə binasının yaxınlığında və poçt binasının qarşısında iki avtomobil partladılmışdı. Terror aktı nəticəsində 53 nəfər həlak olmuş, 146 nəfər yaralanmışdı.
Partlayışlar nəticəsində 912 yaşayış evinə, 891 iş yerinə və 148 nəqliyyat vasitəsinə ziyan dəymişdi. İstintaq çərçivəsində 32 şübhəli saxlanılmış, onlardan 20-si həbs edilmişdi.
İş üzrə əsas şübhəli Nasır Eskiocak polisə ifadəsində hücumu törətdiklərini etiraf etmiş və əmri Yusuf Nazikdən aldığını bildirmişdi.
Terror aktından beş il sonra Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) Suriyada keçirdiyi əməliyyat nəticəsində hücumun planlaşdırıcısı olmaqda ittiham edilən Yusuf Nazik saxlanılaraq Türkiyəyə gətirilmişdi. O, 53 dəfə ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilmişdi.