Türkiyənin Milli Təhlükəsizlik Şurası: Ankara dünyada sülhün və sabitliyin qorunması istiqamətində addımlarını davam etdirəcək

29.01.2026

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ankara, 29 yanvar, AZƏRTAC

Ankara Asiya və Afrikadan Avropayadək geniş coğrafi məkanda müxtəlif münaqişə və böhran zonalarında sülhün və sabitliyin qorunması istiqamətində qətiyyətli addımlarını davam etdirəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilmiş Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclasının yekunları üzrə yayılan bəyanatda deyilir.

MTŞ üzvləri digər məsələlərlə yanaşı, Rusiya-Ukrayna müharibəsində mövcud vəziyyəti də qiymətləndiriblər. Münaqişə tərəflərinin məsuliyyətli davranışının əhəmiyyəti və hərbi əməliyyatların nəticələrinin Qara dəniz regionunda sabitliyə zərər vurmaması vurğulanıb.

“Türkiyə regional və qlobal riskləri artıran müharibənin tezliklə dayandırılması və davamlı sülhün bərqərar olması üçün səylərini davam etdirəcək”, – deyə Türkiyə MTŞ bəyanatında qeyd olunur.

Müzakirələrdə ayrıca bənd kimi İranla bağlı vəziyyətə toxunulub. Qonşu ölkədə sabitliyin və sülhün təmin olunmasının bütün regionun təhlükəsizliyi üçün xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.

Suriya ilə bağlı proseslər kontekstində qeyd olunur ki, Ankara bu ölkənin suverenliyinin və ərazi bütövlüyünün təmin olunmasına, unitar quruluşun və siyasi birliyinin qorunmasına yönəlmiş səylərə bundan sonra da qətiyyətli dəstək göstərəcək.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью