Türkiyənin tanınmış siyasətçi və alimləri təltif olunublar

31.01.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ankara, 31 yanvar, AZƏRTAC

Ankarada Türk dünyasının inkişafına töhfə vermiş siyasətçilərin, alimlərin və mədəniyyət xadimlərinin mükafatlandırma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, “Türk dünyasının və türk mədəniyyətinin inkişafına töhfəyə görə” mükafatının təsisçisi Türkiyədə fəaliyyət göstərən “Azaflı” Sosial Yardım və Mədəniyyət Təşkilatıdır.

Siyasətçilərin, diplomatların, alimlərin və müxtəlif ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən mərasim Türkiyə və Azərbaycan dövlət himnlərinin səsləndirilməsi, həmçinin hər iki ölkənin şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

“Azaflı” təşkilatının rəhbəri, vəkil Arzuman Azaflı türk dövlətlərinin birliyinin əhəmiyyətini vurğulayaraq, türk xalqları arasında dialoqun və yaxınlaşmanın güclənməsinə töhfə verən siyasətçilərə və alimlərə minnətdarlığını bildirib.

O, Türkiyənin sabiq dövlət naziri və mədəniyyət naziri Namik Kemal Zeybek, professor Ali Kafkasyalı, İraqın Kərkük şəhərindən jurnalist-tədqiqatçı Şəmsəddin Kuzeci, sabiq deputat Şevket Bülent Yaxnıcı və digərlərinə medalları təqdim edib.

Təltif olunanlar Türk dünyasında vəhdətin əhəmiyyətini vurğulayıb, Türk Dövlətləri Təşkilatı kimi platformaların vacibliyini qeyd ediblər, Türkiyə və Azərbaycan xalqlarının sarsılmaz birliyinə əminlik ifadə ediblər.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью