Icma.az bildirir, Azertag portalına istinadən.
Ankara, 20 noyabr, AZƏRTAC
2025-ci ilin ilk doqquz ayında Türkiyənin turizm sənayesinin gəliri 50 milyard dolları keçib və turistlərin sayı rekord həddə - 50 milyona çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy Antalyada keçirilən turizm konqresində çıxış edərkən bildirib.
Nazir qeyd edib ki, regiondakı böhranlara və çətinliklərə baxmayaraq, Türkiyənin turizm gəlirləri artmaqda davam edir. O, diqqəti Türkiyədə xarici turistlərin orta xərclərinin ilin əvvəlindən 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 9% artaraq gündəlik 116 dollara çatdığına yönəldib.
“Bu, turizm gəlirlərinin ümumi mənzərəsinə də təsir edib. Əgər mən nazir təyin olunduğum 2017-ci ilin ilk doqquz ayında Türkiyənin turizm gəlirləri 24,6 milyard dollar idisə, bu gün biz bundan iki dəfə çox - 50 milyard dollardan danışırıq2, - deyə nazir bildirib. M.Ersoy erkən rezervasiya şirkətlərinin Türkiyənin turizm sektoruna müsbət təsirini qeyd edib, həmçinin aviabiletlərin qiymətlərində azalma olduğunu, bu barədə tur operatorlarına da məlumat verildiyini bildirib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara