Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Türkiyənin müdafiə sənayesi şirkəti ASELSAN dronlara qarşı hazırladığı yeni nəsil müdafiə sistemi GÖKALP-ın sınağını uğurla nümayiş etdirib. Sistem sınaq zamanı hədəf dronu havada birbaşa toqquşma üsulu ilə məhv edib.
Sınaq ASELSAN-ın Oğulbey Texnologiya Mərkəzində keçirilib. Təqdimat zamanı əvvəlcə hədəf dron AURA radarı vasitəsilə aşkarlanıb. Əldə olunan məlumatlar DRONEDEF komanda-idarəetmə proqramı vasitəsilə GÖKALP E1 adlı müdaxilə dronuna ötürülüb.
Bundan sonra GÖKALP E1 hədəfə yönələrək onu birbaşa fiziki toqquşma — “hit-to-kill” üsulu ilə havada məhv edib.
GÖKALP radar və elektro-optik sensorlardan istifadə etməklə hava təhdidlərini aşkarlamaq, izləmək və zərərsizləşdirmək üçün hazırlanıb. Avtomobilə inteqrasiya edilən mobil sistemin müxtəlif ərazilərə daşınması və əməliyyat şəraitinə uyğun yerləşdirilməsi mümkündür.
Yeni texnologiyanın xüsusilə kamikadze dronlara və digər pilotsuz uçuş aparatlarına qarşı müdafiədə istifadə edilməsi nəzərdə tutulur. Sistemin əsas üstünlüklərindən biri bahalı hava hücumundan müdafiə vasitələrinə alternativ olaraq daha sərfəli müdafiə imkanları yaratmaqdır.
ASELSAN-ın nümayiş etdirdiyi sınaq Türkiyənin pilotsuz uçuş aparatlarına qarşı yerli müdafiə texnologiyalarının inkişafında yeni mərhələ kimi qiymətləndirilir.
S.Rzayeva
XQ