Türklər İslamı qəbul etdi… Nə qazandı, nə itirdi?

17.11.2026

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Düzgün Atalı

Bir xalq başqa bir dini qəbul edəndə yalnız inancını dəyişirmi, yoxsa bununla yanaşı dünyagörüşündə, mənəvi həyatında, milli yaddaşında və həyat tərzində də ciddi dəyişikliklər baş verir? Türk xalqlarının İslamı qəbul etməsi tariximizin gedişinə ciddi təsir göstərən hadisələrdən biri oldu. Bu proses milli dünyagörüşümüzdə, mənəvi həyatımızda və tarixi yaddaşımızda mühüm dəyişikliklərə səbəb oldu. Ancaq məsələ yalnız yeni bir dinin qəbul edilməsi ilə bitmədi. Əsas sual budur: Türk İslamı qəbul edərkən nə qazandı, nəyi qorudu, nələri isə zamanla itirdi? Daha doğrusu, öz milli kimliyini nə dərəcədə qoruyub saxlaya bildi?

Türk itaətkar xalq olmayıb. Onun tarixi yaddaşında azadlıq, müstəqillik, iradə və öz taleyini özü müəyyənləşdirmək düşüncəsi mühüm yer tutub. Türk öz qismətini başqasının hökmünə buraxmaq istəməyib, dövlət qurub, torpaqlar fəth edib, öz siyasi iradəsini tarixə qəbul etdirib. Əlbəttə, türk tarixində də itaət, asılılıq və məğlubiyyət dövrləri olub. Ancaq onun mənəvi idealında azadlıq və müstəqillik həmişə mühüm yer tutub. Türkün tarixi yalnız başqalarının əmrlərini yerinə yetirməyin deyil, öz dövlətini qurmağın, öz qanunlarını yaratmağın, öz taleyinə sahib çıxmağın tarixidir.

Türk İslamı qəbul etdi, amma öz ruhunu, iradəsini, milli yaddaşını və dünyagörüşünü İslamın ərəb mənşəli mədəni qəliblərinə bütövlükdə təslim etmədi. Öz dilini, adət-ənənələrini, mərasimlərini, milli bayramlarını yaşatdı. Bu, təsadüfi hadisə deyildi. Çünki milli yaddaş xalqın varlığını yaşadan ən mühüm mənəvi qüvvələrdən biridir. Din dəyişə bilər, siyasi quruluş dəyişə bilər, dövlətlər yarana və dağıla bilər, amma xalq öz köklərini qoruyub saxlayırsa, milli varlığını da davam etdirə bilir.

Novruz bayramı bunun ən parlaq nümunələrindən biridir. Novruz xalqımızın həyatında sadəcə bayram deyil. O, təbiətin oyanışını, yenilənməni, həyatın davamlılığını, insanın torpaqla və təbiətlə bağlılığını ifadə edir. Novruzun tonqalı, səmənisi, çərşənbələri, qapı pusması, papaq atması, süfrə ənənələri xalqın əsrlərdən gələn yaddaşını yaşadır. Bu bayramın mənəvi gücü ondadır ki, onu xalq öz həyatının bir hissəsi kimi qəbul edib, nəsildən-nəslə ötürüb. Dini bayramlarla yanaşı, Novruzun da xalqın mənəvi həyatında belə möhkəm yer tutması milli kimliyin dini kimliklə eyniləşmədiyini göstərir.

Toy-düyün adətlərimiz də milli yaddaşımızın mühüm daşıyıcısıdır. Elçilik, nişan, xonça, gəlin köçürmə, toy mərasimləri, xalq musiqisi, rəqslər, qohumluq və el-obanın bir araya gəlməsi yalnız ailə qurmaq mərasimi deyil. Bunlar xalqın ailə anlayışını, münasibətlər sistemini, sevincini, estetik zövqünü və mənəvi dünyasını ifadə edir. Hər bir mərasimin özünəməxsus mənası, tarixi və yaddaşı var. Bu adətlərin bir çoxu dini qaydalarla deyil, xalqın öz həyat təcrübəsi və mədəni yaradıcılığı ilə formalaşıb.

Yas və ölü götürmə qaydalarımız da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Ölən insanın yola salınması, ailəsinə və yaxınlarına başsağlığı verilməsi, elin-obanın dərdli ailənin yanında olması, yas mərasimində həmrəylik göstərilməsi xalqımızın mənəvi münasibətlərini ifadə edir. Bu ənənələrin içində yalnız dini ayinlər deyil, insana hörmət, mərhumun xatirəsinə ehtiram, ailəyə dayaq olmaq, dərdi bölüşmək kimi dəyərlər yaşayır. Bəzi dini mərasimlər zamanla bu adətlərə qarışsa da, onların milli və insani mahiyyəti qorunub saxlanılıb.

Deməli, türk İslamı qəbul etməklə bütün keçmişindən imtina etmədi. Novruzu, toy-düyün adətlərini, yas və ölü götürmə qaydalarını, qonaqpərvərliyini, musiqisini, dilini, folklorunu və başqa milli ənənələrini yaşatdı. Bu ənənələr xalqın özünü tanımasının, öz kökləri ilə bağlılığını qorumasının vasitəsinə çevrildi. Ancaq bir sual yaranır: qoruyub saxladıqlarımızla yanaşı, nələri itirdik və ya zəiflətdik?

Türkün qadına münasibətində də özünəməxsus tarixi ənənələr olub. Qadının xanım kimi qəbul edilməsi, ailədə və ictimai həyatda müəyyən nüfuza malik olması türk mədəni yaddaşının mühüm cəhətlərindəndir. Türk qadınının tarixi mövqeyindən danışarkən Tomrisin adını xatırlamamaq mümkün deyil. Tomris yalnız bir hökmdar qadın deyil, iradənin, cəsarətin, müstəqilliyin və ləyaqətin rəmzidir. O, qadının zəiflik və itaət simvolu olmadığını, lazım gəldikdə dövlət idarə edə, orduya rəhbərlik edə, öz xalqının taleyi uğrunda mübarizə apara biləcəyini tarixə nümayiş etdirən obrazdır. Tomrisin timsalında qadın tarix yaradan, qərar verən və məsuliyyət daşıyan şəxsiyyət kimi görünür. Bu nümunə türk mədəni yaddaşında qadının ləyaqətinə və iradəsinə verilən dəyəri ifadə edən mühüm simvollardan biridir.

Lakin sonrakı tarixi dövrlərdə bəzi türk cəmiyyətlərində qadının ictimai mövqeyi zəiflədi. Dini ehkamların sərt və patriarxal yozumları qadının təhsilinə, sərbəst qərar verməsinə, ictimai həyatda iştirakına mane olan münasibətləri gücləndirdi. Qadının geyimi, davranışı, ailədəki yeri və cəmiyyətdəki fəaliyyəti bəzən onun öz iradəsi ilə deyil, başqalarının dini qənaətləri ilə müəyyənləşdirildi. Bu, yalnız qadının itkisi deyildi; bütövlükdə cəmiyyətin yaradıcılıq və inkişaf imkanlarının məhdudlaşması idi. Tomris kimi iradəli qadın obrazını tarixi yaddaşında yaşadan bir xalqın qadını sonradan yalnız itaət və susqunluq çərçivəsində təsəvvür etməsi ciddi ziddiyyətdir.

Burada bir məsələni aydınlaşdırmaq lazımdır: söhbət ərəblərə, ərəb xalqına qarşı münasibətdən getmir. Söhbət bir xalqın öz mədəniyyətini, dünyagörüşünü başqa bir mədəniyyətin qəlibləri içərisində itirmək təhlükəsindən gedir. Ərəb xalqının öz tarixi, öz mədəniyyəti, öz ədəbi irsi var. Ancaq İslamın yayılması ilə dini norma kimi təqdim edilən bir sıra ərəb adət və davranışlarının başqa xalqlara da ümumi ölçü kimi qəbul etdirilməsi milli özünəməxsusluq baxımından ciddi suallar doğurur. Bir xalqın müsəlman olması onun mütləq ərəbləşməsi demək deyil. Dini qəbul etmək başqa şeydir, başqa xalqın həyat tərzini, geyimini, adətini, düşüncə qəliblərini öz milli kimliyinin əvəzinə qoymaq tamam başqa şey.

Bəs türk İslamı qəbul etməklə nə itirdi? İlk növbədə, qədim dünyagörüşünün müəyyən qatları zəiflədi, bəzi mənəvi ənənələr unuduldu, bəziləri isə yeni dini ölçülərlə qiymətləndirilməyə başlandı. Xalqın minilliklər ərzində formalaşdırdığı bəzi adət və mərasimlər ya sıxışdırıldı, ya da yanlış və qəbulolunmaz hesab edildi. Halbuki bir xalqın tarixi yalnız qəbul etdiyi sonuncu dinlə başlamır. Onun daha qədim yaddaşı, təcrübəsi, dünyanı dərk etmək üsulu və mənəvi kökləri də var. Bu kökləri tanımadan milli kimliyi bütöv şəkildə anlamaq mümkün deyil.

Milli kimliyin zəifləməsinin başqa bir təzahürü də türk adlarının tədricən ərəb mənşəli adlarla əvəzlənməsi oldu. Ad insanın kimliyini ifadə etməklə yanaşı, xalqın tarixi yaddaşını, dilini və mədəni mənsubiyyətini də yaşadır. Vaxtilə türk xalqlarında geniş yayılmış qədim adların bir hissəsi zamanla unuduldu, onların yerini dini baxımdan üstün və daha məqbul hesab edilən ərəb mənşəli adlar tutdu. Bəzi ailələr övladlarına türk adı vermək əvəzinə ərəb mənşəli ad seçməyi daha doğru, hətta daha müqəddəs hesab etməyə başladılar. Beləliklə, ad seçimi də milli kimliklə dini kimlik arasındakı münasibətin bir göstəricisinə çevrildi. Halbuki insanın müsəlman olması üçün ərəb adı daşıması vacib olmamalıdır. Türk öz dilində danışdığı, öz mədəniyyətini yaşatdığı kimi, öz tarixi adlarını da yaşatmalıdır. Bir xalqın adları da onun mənəvi sərvətidir. Öz adlarını unudan xalq zamanla öz tarixi yaddaşının bir hissəsini də itirə bilər.

İkinci mühüm itki müstəqil düşüncə ənənəsinin zəifləməsi ilə bağlıdır. İnsan hər şeyi sorğulamaq, araşdırmaq, öz ağlı ilə nəticə çıxarmaq imkanına malik olmalıdır. Lakin dini ehkamçılığın gücləndiyi mühitlərdə hazır hökmləri sorğulamaq bəzən günah, fərqli düşünmək isə təhlükə kimi təqdim edildi. İnsan öz mühakiməsini kənara qoyaraq yalnız ona deyilənləri qəbul etməyə alışdırıldı. Halbuki elm də, fəlsəfə də, ictimai tərəqqi də sualdan başlayır. Sual verməkdən qorxan, hazır cavablarla kifayətlənən cəmiyyət yeni fikir yaratmaqda çətinlik çəkir.

Elmi də bu müstəvidə müzakirə etmək lazımdır. Orta əsrlərdə ərəb dilində yaranmış elmi əsərləri bütünlüklə ərəb xalqının öz elmi nailiyyəti kimi təqdim etmək tarixi gerçəkliyi sadələşdirməkdir. Həmin elmi irsin mühüm qaynaqları yunan, fars, hind və başqa qədim sivilizasiyaların bilikləri idi. Bu biliklər tərcümə olunmuş, qorunmuş, inkişaf etdirilmiş, müxtəlif xalqların alimləri tərəfindən yeni araşdırmalar aparılmışdı. Deməli, ərəb dili bir çox elmi əsərlərin dili olsa da, həmin elmin qaynaqları və yaradıcıları yalnız ərəblərdən ibarət deyildi. Bəzi müsəlman hökmdarlarının elmə himayədarlığını da danmaq olmaz. Lakin elmi inkişafı dinin özündən doğan bir nəticə kimi təqdim etmək düzgün deyil. Elm insan ağlının, müşahidənin, təcrübənin, sual vermək və axtarmaq cəsarətinin məhsuludur. Elmi irsin yaranmasında müxtəlif xalqların və mədəniyyətlərin payını bir etnik kimliyin və ya bir dinin adına yazmaq tarixi obyektivliyə uyğun deyil.

Bəs türk xalqlarının elmi inkişafı necə ola bilərdi? Türkün dövlətçilik təcrübəsi, hərbi təşkilatçılığı, idarəçilik qabiliyyəti, zəngin şifahi yaradıcılığı və dünyanı dərk etmək ənənəsi elmi düşüncənin inkişafı üçün də zəmin yarada bilərdi. Türk yalnız döyüşməyi və fəth etməyi bacaran xalq deyildi. O, böyük dövlətlər qurmuş, mürəkkəb idarəçilik sistemləri yaratmış, müxtəlif xalqları və əraziləri bir siyasi məkan daxilində birləşdirmişdi. Bütün bunların arxasında zəka, müşahidə, təcrübə, təşkilatçılıq və düşüncə dayanırdı. Bu qabiliyyətlərin elmi və fəlsəfi yaradıcılığa yönəldilməsi də mümkün idi.

Türk itaətkar deyildi. İtaətə baş əyən, hazır hökmləri sorğulamadan qəbul edən düşüncə yeni bilik yaratmaqda çətinlik çəkir. Elm azad sualdan, şübhədən, axtarışdan və mövcud həqiqətləri yenidən dərk etmək cəsarətindən doğur. İmperiyalar təkcə qılıncla yaranmır. Qılınc torpaqları fəth edə bilər, amma həmin torpaqlarda dövlət qurmaq, mədəniyyət yaratmaq, böyük bir sivilizasiyanı yaşatmaq üçün zəka, təşkilatçılıq, siyasi düşüncə və mənəvi qüdrət lazımdır. Qılıncın arxasında yalnız döyüşçü iradəsi deyil, həm də düşünən insan, yaradan ağıl və mədəniyyət dayanmalıdır. Bunu unutmaq olmaz.

Əgər türk öz tarixi qüdrətini yalnız fəthlərlə deyil, elmlə, fəlsəfə ilə, insan düşüncəsinin inkişafı ilə də ifadə edə bilsəydi, dünya sivilizasiyasına verdiyi töhfələr daha böyük ola bilərdi. Bunun tam gerçəkləşməməsini yalnız dinlə izah etmək olmaz. Siyasi parçalanmalar, müharibələr, iqtisadi şərait, dövlətlərin idarəçilik siyasəti və başqa tarixi səbəblər də rol oynayıb. Ancaq dini ehkamçılığın müstəqil düşüncəyə mane olduğu, sual verməyi günah və ya təhlükə kimi göstərdiyi dövrlərdə elmi inkişafın da zərər gördüyünü inkar etmək mümkün deyil. Burada söhbət türkün elmi qabiliyyətinin olmamasından deyil, həmin qabiliyyətin inkişafı üçün zəruri olan düşüncə azadlığının hər zaman qorunmamasından gedir.

Beləliklə, itirilənlər yalnız qədim adətlərin müəyyən hissəsi, bəzi dünyagörüşü təsəvvürləri və mədəni ənənələr deyildi. İtirilənlərin içində müstəqil düşüncənin zəifləməsi, qadının ictimai imkanlarının məhdudlaşdırılması, milli mədəniyyətin bəzi sahələrinin ikinci plana keçirilməsi və elmi-fəlsəfi potensialın tam gerçəkləşdirilməməsi də vardı. Bunların hamısını İslamın qəbul edilməsinin qaçılmaz nəticəsi saymaq düzgün olmaz. Lakin dini ehkamçılığın, mədəni təqlidin və azad düşüncəyə qoyulan qadağaların bu itkilərdə rol oynadığını da görməzdən gəlmək olmaz.

Ən böyük təhlükə dinin qəbul edilməsində deyil, insan ağlının din adı ilə məhdudlaşdırılmasındadır. İnsan kitabın, ideologiyanın, ehkamın qarşısında öz düşüncəsindən imtina edəndə mənəvi əsarət başlayır. Müqəddəs hesab edilən hər hansı bir mətn insanın ağlından, vicdanından və həyatın həqiqətlərindən üstün tutulanda düşüncə dayanır. Halbuki insanın mənəvi kamilliyi itaətlə deyil, idrakla, vicdanla, azad seçimlə ölçülməlidir.

Türk İslamı qəbul etdi, amma ərəbləşmədi. Novruzunu, toy-düyün adətlərini, yas və ölü götürmə qaydalarını, dilini, musiqisini, qonaqpərvərliyini, milli yaddaşını qoruyub saxladı. Bu, onun tarixi müqavimətinin və milli ruhunun göstəricisidir. Ancaq qoruduqlarımızla kifayətlənmək olmaz. İndi həmin ruhu daha da inkişaf etdirmək, milli dəyərlərimizi müstəqil düşüncə, elm, fəlsəfə və yaradıcı iradə ilə zənginləşdirmək lazımdır. Keçmişin qəhrəmanlıqları ilə öyünmək gələcəyin böyük yaradıcı işlərini əvəz edə bilməz.

Türkün böyüklüyü yalnız tarixdə qurduğu imperiyalarla, qazandığı hərbi qələbələrlə ölçülməməlidir. Onun elm, fəlsəfə, mədəniyyət və ümumbəşəri düşüncə yaratmaq potensialı da tarixən mövcud olub. Bu potensial bu gün də var. Əsas məsələ həmin qüdrəti azad düşüncə, müstəqil idrak və yaradıcı iradə ilə gerçəkləşdirməkdir. Türk yalnız keçmişin qəhrəmanlıq tarixinin varisi deyil, həm də gələcəyin elmini, fəlsəfəsini və mənəvi dəyərlərini yarada biləcək bir xalqdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью