Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Xəzərin sahilində yerləşən Türkmənbaşı şəhəri oktyabrın 8-də Azərbaycan və Mərkəzi Asiya arasında getdikcə dərinləşən münasibətlərin növbəti mühüm siyasi və iqtisadi ünvanına çevrildi. Prezident İlham Əliyevin iştirakı ilə keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü əməkdaşlığın artıq ayrı-ayrı sahələr üzrə münasibətlər məcmusundan daha geniş bir regional bağlantılar sisteminə çevrildiyini göstərdi.
Görüşün yekununda Birgə Bəyanat və Məşvərət görüşünün tənzimləyici sənədləri haqqında qərarın imzalanması da bu prosesin institusional xarakter aldığını bütün dünyaya nümayiş etirir. Qeyd edək ki, Azərbaycan bu formata 2025-ci ildə tamhüquqlu iştirakçı kimi qoşulmuşdu.
Füzulidə məscid – qardaş dəstəyi
Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində məscidin tikilməsi Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında Mərkəzi Asiyanın mənəvi dəstəyinin konkret nümunələrindən biridir. Prezident İlham Əliyev çıxışında bu təşəbbüsü xatırladaraq onun xalqlarımız arasındakı dostluğun və mənəvi yaxınlığın təzahürü olduğunu xüsusi vurğulayıb.
Sözügedən məscid əslində bir tikinti layihəsindən daha geniş məna daşıyır. İşğaldan azad edilmiş ərazilərin bərpası prosesində müxtəlif ölkələrin özünəməxsus töhfələri formalaşır. Özbəkistan Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstan Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstan isə Ağdamda Manas adına məktəb inşa edib. Bu layihələr regionun fiziki bərpası ilə yanaşı, Azərbaycanla Mərkəzi Asiya xalqları arasında humanitar bağların gələcək nəsillərə ötürülməsinə xidmət edir.
Burada mühüm məqam ondan ibarətdir ki, Azərbaycan-Mərkəzi Asiya münasibətlərinin iqtisadi təməli möhkəmləndikcə bu əlaqələrin sosial və humanitar nəticələri də daha görünən olur. Başqa sözlə, regional yaxınlaşma statistika cədvəllərində olduğu qədər məktəblərdə, mədəniyyət mərkəzlərində və məscidlərdə də öz izini qoyur.
1,8 milyard dollarlıq ticarətdən birgə istehsala
Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi rəqəmlər Azərbaycanla Mərkəzi Asiya arasında iqtisadi münasibətlərin hansı sürətlə dəyişdiyini aydın göstərir. Dövlət başçısının sözlərinə görə, ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb. Qeyd edək ki, 2025-ci ildə bu dövriyyə 53 faiz artaraq 1,8 milyard dollara çatıb. Bu ilin ilk 6 ayında da dinamika qorunub və region ölkələri ilə ticarət dövriyyəsi təxminən 425 milyon dollar təşkil edib. Bu rəqəmlər Azərbaycan üçün Mərkəzi Asiyanın getdikcə daha əhəmiyyətli ticarət tərəfdaşlığına çevrildiyini göstərir.
Prezident İlham Əliyev eyni zamanda ölkəmizdə Mərkəzi Asiya kapitalı ilə 400-dən çox şirkətin fəaliyyət göstərdiyini bildirib. Bu fakt münasibətlərin ticarət səviyyəsindən biznes səviyyəsinə keçidini göstərən mühüm göstəricidir. Daha böyük əhəmiyyət daşıyan məqam isə artıq birgə investisiya mexanizmlərinin formalaşdırılmasıdır. Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb və dövlət başçısının qeyd etdiyi kimi, bu fondların hər birinin kapitalı 100 milyonlarla dollarla ölçülür.
Məsələn, Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin nizamnamə kapitalı 500 milyon dollardır. Azərbaycan–Qırğızıstan İnkişaf Fondunun kapitalı isə 2026-cı ildə 200 milyon dollara çatdırılıb. Azərbaycan–Qazaxıstan Birgə İnvestisiya Fondu da iki ölkənin sənaye və investisiya əməkdaşlığının mexanizmlərindən biri kimi fəaliyyət göstərir.
Azərbaycan və Türkmənistan arasında isə xüsusi iqtisadi dinamika mövcuddur. Belə ki, yanvar-avqust aylarında Azərbaycandan Türkmənistana 52 milyon 99,93 min dollar dəyərində mal ixrac olunub. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 23 faiz və ya 9 milyon 755,7 min dollar artım deməkdir. Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycandan, ümumilikdə, 21 milyard 815 milyon 37,04 min dollar dəyərində mal ixrac olunub. İdxalın ümumi dəyəri isə 11 milyard 423 milyon 350,68 min dollar təşkil edib.
Bu baxımdan Prezident İlham Əliyevin “birlikdə investisiya qoymaq, istehsal etmək və xarici bazarlara çıxmaq” çağırışı xüsusi əhəmiyyət daşıyır. Çünki ticarət dövriyyəsinin artması münasibətlərin potensialını nümayiş etdirir, investisiya və istehsal kooperasiyası isə həmin potensialı daha uzunmüddətli iqtisadi dəyərə çevirir. Növbəti mərhələdə Azərbaycan-Mərkəzi Asiya əlaqələrinin sənaye, logistika, kənd təsərrüfatı, enerji, rəqəmsal texnologiyalar və emal sektorlarında birgə müəssisələrlə zənginləşməsi üçün maliyyə bazası artıq formalaşmaqdadır.
Orta Dəhliz – əməkdaşlığın baş yolu
Regional iqtisadi inteqrasiyanın ən mühüm dayaqlarından biri nəqliyyat bağlantılarıdır. Azərbaycanla Mərkəzi Asiya arasında iqtisadi yaxınlaşmanın arxasında Xəzərdən keçən Orta Dəhlizin yaratdığı imkanlar dayanır. Ölkə başçısının da qeyd etdiyi kimi, ötən il Orta Dəhliz üzrə tranzit yükdaşımaların həcmi 10 faizdən çox artıb, 2026-cı ilin ilk 8 ayında isə daha təxminən 20 faiz artım qeydə alınıb.
Bu göstəricilər Orta Dəhlizin regional tranzit layihəsindən qlobal təchizat zəncirinin mühüm elementinə çevrilməsinə dair tendensiyanı gücləndirir. 2025-ci ildə Azərbaycanın Mərkəzi Asiya ilə ticarət dövriyyəsinin 1,8 milyard dollara yüksəlməsi də təsadüfi deyil. Eyni xətt üzərində ticarət, logistika və investisiya bir-birini tamamlayır.
Azərbaycanın bu sistemdəki rolu Bakı Limanının imkanlarının genişləndirilməsi ilə daha da güclənir. Limanın illik yükaşırma gücünün 15 milyon tondan 25 milyon tona çatdırılması istiqamətində işlər regional yük axınlarının artımına cavab verməyə hesablanıb.
Rəqəmsal İpək Yolu
Prezident İlham Əliyevin çıxışında rəqəmsal bağlantıların qeyd olunması isə regionlararası əməkdaşlığın yeni mərhələsinin daha bir göstəricisidir. Xüsusi qeyd edilməlidir ki, “Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində Xəzərin dibi ilə Azərbaycan və Qazaxıstanı birləşdirən 380 kilometrlik Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin çəkilişi bu ilin avqustunda başa çatdırılıb. Layihə “AzerTelecom” və “Kazakhtelecom” tərəfindən həyata keçirilir. Bu, klassik nəqliyyat dəhlizinin rəqəmsal analoqu kimi qiymətləndirilə bilər. Çünki malların hərəkəti ilə yanaşı, məlumatların sürətli və təhlükəsiz ötürülməsi də müasir iqtisadiyyatın rəqabət üstünlüyünə çevrilib. Layihənin planlaşdırılan ötürmə qabiliyyəti 400 Tbit/s səviyyəsindədir və Azərbaycan üzərindən Avropa ilə Asiya arasında yeni rəqəmsal marşrutun formalaşmasına xidmət edir.
Beləliklə, Xəzərin üzərindən gəmilər, dibi ilə isə məlumat axınları keçir. Bu iki prosesin paralel inkişafı Azərbaycanı Mərkəzi Asiya ilə Avropa arasında fiziki və rəqəmsal bağlantıların kəsişdiyi məkanlardan birinə çevirir.
“Yaşıl” enerji dəhlizi
Energetika da bu əməkdaşlıq zəncirinin əsas halqalarından biridir. Azərbaycan Mərkəzi Asiyadan beynəlxalq bazarlara enerji resurslarının tranzitində mühüm rol oynayır. Türkmənistan və Qazaxıstan nefti Azərbaycan ərazisi vasitəsilə dünya bazarlarına çıxarılır və bu daşımaların həcmi artır. Rəqəmlər də bu tendensiyanı təsdiqləyir. Qazaxıstan bu ilin yanvar-avqust aylarında Aktau limanı üzərindən Bakı-Tbilisi-Ceyhan istiqamətinə 1,034 milyon ton neft göndərib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artım deməkdir. 2025-ci ildə Qazaxıstan BTC vasitəsilə 1,2 milyon ton neft ixrac etmişdi. Azərbaycanın enerji marşrutu burada yalnız neftlə məhdudlaşmır. Yeni mərhələnin əsas istiqamətlərindən biri Mərkəzi Asiyanın bərpaolunan enerji potensialının Azərbaycan üzərindən Avropa bazarlarına çıxarılmasıdır. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaradılmış “Yaşıl Dəhliz Birliyi” bu istiqamətdə institusional mexanizm formalaşdırıb. Bu il layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması üzrə işlər davam etdirilib. Hazırlanan layihə Mərkəzi Asiyadan Xəzər və daha sonra Qara dəniz istiqaməti ilə Avropa bazarlarına bərpaolunan elektrik enerjisinin ötürülməsini nəzərdə tutur. Qeyd edək ki, layihənin texniki-iqtisadi əsaslandırmasının 2027-ci ilin mayında tamamlanması, dəhlizin isə 2032-ci ildən istismara verilməsi nəzərdə tutulur. Bu, uzunmüddətli perspektivə hesablanmış böyük bir enerji bağlantısıdır.
Beləliklə, Azərbaycan və Mərkəzi Asiya artıq bir-birinə yaxın regionlar olmaqla kifayətlənmir, ortaq iqtisadi məkanın ayrı-ayrı elementlərini formalaşdırır. Qarşıdakı mərhələdə əsas məsələ bu imkanları daha çox birgə istehsala, daha böyük investisiya həcmlərinə, yeni ixrac bazarlarına və dayanıqlı regional dəyər zəncirlərinə çevirmək olacaq. Əsas hədəf isə həmin dinamikanı real iqtisadi nəticəyə çevirməkdir.
Nurlan ABDALOV
XQ