Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 12 noyabr, AZƏRTAC
Noyabrın 12-də Türkiyənin paytaxtı Ankarada TÜRKPA Gənc Parlamentarilərinin toplantısı keçirilib.
TÜRKPA-dan AZƏRTAC-a bildirilib ki, tədbir Türkiyə Böyük Millət Məclisinin ev sahibliyi, Xaricdəki Türklər və Qohum İcmalar Baş İdarəsinin dəstəyi ilə təşkil edilib.
Açılış mərasimində çıxış edən Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş TÜRKPA-nın təsis edilməsinin 18-ci ildönümü ərəfəsində belə mühüm bir tədbirin keçirilməsinin əhəmiyyətinə toxunub. O, türk dövlətlərinin parlamentləri arasında əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoymasında, qardaş ölkələr arasındakı münasibətlərin dinamik şəkildə möhkəmləndirilməsində və müxtəlif istiqamətlərdə birgə fəaliyyətin həyata keçirilməsində TÜRKPA-nın mühüm rolunu qeyd edib.
TÜRKPA-nın Baş katibi Ramil Həsən rəhbərlik etdiyi qurumun müxtəlif sahələrdə həyata keçirdiyi işlərdən danışıb. Baş katib Gənc Parlamentarilər Qrupu, Qadın Parlamentarilər Qrupu və Daimi Komissiyalar çərçivəsində müxtəlif tədbirlərin keçirilməsinin qardaş ölkələr arasındakı əlaqələrin möhkəmləndirilməsinə, eləcə də qanunvericilik bazalarının yaxınlaşdırılmasına töhfə verdiyini deyib.
Xaricdəki Türklər və Qohum İcmalar Baş İdarəsinin sədri Abdulhadi Turus Türkiyənin bir çox sahədə olduğu kimi, qardaş türk dövlətlər arasındakı əlaqələrin inkişafına xidmət edən layihələrə də hərtərəfli dəstək göstərdiyini diqqətə çatdırıb. Eyni zamanda, TÜRKPA-nın Gənc Parlamentarilər Qrupunun fəaliyyətinə də dəstək verməkdən böyük məmnuniyyət duyduğunu ifadə edib.