525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən Yunanıstanın paytaxtı Afinada keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 68-ci plenar sessiyasında iştirak edib.
525.az-a TÜRKPA-dan bildirilib ki, sessiyada “Silahlı münaqişələrin cəmiyyətə, iqtisadiyyata, ətraf mühitə və insan hüquqlarına çoxşaxəli təsiri” mövzusu ətrafında fikir mübadiləsi aparılıb, həmçinin gündəlikdəki digər məsələlər müzakirə olunub.
Yunanıstan parlamentinin sədri, QDİƏT PA-nın Prezidenti Nikitas Kaklamanisin açılış nitqi ilə başlayan sessiyada bu ölkənin xarici işlər naziri Georgios Gerapetritis və QDİƏT PA-nın Baş katibi Asəf Hacıyev də çıxış ediblər. Asəf Hacıyev çıxışında parlament diplomatiyasının qarşılıqlı münasibətlərin inkişafına töhfə verən mühüm əməkdaşlıq platforması olduğunu vurğulayıb.
Sessiyada TÜRKPA-nın Baş katibi Ramil Həsən də çıxış edib. O, TÜRKPA ilə QDİƏT PA arasında əməkdaşlığın genişləndirilməsinin, qarşılıqlı müşahidəçi statusuna malik iki parlament təşkilatı arasında əlaqələrin möhkəmləndirilməsinin və birgə fəaliyyətin vacibliyini vurğulayıb. Baş katib müxtəlif sahələrdə mövcud problemlərin və münaqişələrin həllində parlament diplomatiyasının roluna diqqət çəkib.
Ramil Həsən iki təşkilat arasında əməkdaşlığın gələcəkdə də inkişaf edəcəyinə, qarşılıqlı anlaşma və hörmətin möhkəmlənəcəyinə, birgə layihələrin həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib və sessiyanın işinə uğurlar arzulayıb.