Tut mürəbbəsi resepti

28.06.2026

Icma.az bildirir, Milli.az portalına istinadən.

Təbii ətri və sıx meyvə dadı ilə səhər süfrələrinə xüsusi ləzzət qatan tut mürəbbəsi həm ənənəvi, həm də hazırlanması olduqca praktik bir seçimdir. Təzə çörək və ya qaymaqla birlikdə hər qaşıqda tutun özünəməxsus aromasını hiss edəcəyiniz bu mürəbbəni ev şəraitində asanlıqla hazırlaya bilərsiniz.

Milli.Az lazım olan ərzaqları təqdim edir:

1 kq yetişmiş tut (ağ və ya qara tut)

800 qr şəkər tozu

Yarım limonun suyu

İstəyə görə: 1 çay stəkanı su

Hazırlanması:
Tutları çox ehtiyatla yuyun və saplaqlarını təmizləyin.

Geniş bir qazana tut və şəkəri qat-qat düzün. Üzərini bağlayıb 4-6 saat (və ya bir gecə) gözlədin. Bu müddətdə tut öz suyunu tamamilə buraxacaq.

Qazanı orta oda qoyun. Əgər tutların suyu azdırsa, çox az su əlavə edə bilərsiniz.

Qaynamağa başladıqdan sonra üzərində əmələ gələn köpükləri mütləq bir qaşıqla yığın (bu, mürəbbənin daha şəffaf görünməsini təmin edir).

Təxminən 25-35 dəqiqə bişirin.

Limon suyunu əlavə edib 5 dəqiqə daha qaynadın.

Bir boşqaba bir neçə damcı mürəbbə damızdırın; əgər yayılmadan durursa hazırdır.

İsti halda sterilizasiya edilmiş şüşə bankalara doldurun, qapaqlarını möhkəm bağlayıb tərs çevirin. Soyuduqdan sonra sərin və qaranlıq yerdə saxlaya bilərsiniz.

Tutlar çox həssas meyvədir, yuyarkən və bişirərkən əzilməməsinə diqqət edin. Qazanı qarışdırmaq əvəzinə yüngülcə silkələməyiniz kifayətdir.

Mürəbbənin daha parlaq və şəffaf görünməsi üçün bişmə prosesində yaranan köpükləri yığmaq vacibdir.

Limon suyunu sonda əlavə etmək həm mürəbbənin rəngini qoruyur, həm də şəkərlənmənin qarşısını alır.

Mürəbbəni uzun müddət saxlamaq üçün bankaların tamamilə təmiz və quru olduğundan əmin olun.

Nuş olsun!

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью