Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Xəbər verildiyi kimi, xarici ölkənin Azərbaycandakı səfirliyinə qarşı terror hücumu etməyə hazırlaşan şəxslər həbs edilib. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətindən məlumat verilib.
Bildirilib ki, DTX tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri zamanı Azərbaycan Respublikasının vətəndaşları - 2000-ci il təvəllüdlü, "Abu Zər əl-Mühacir" dini ləqəbli Quliyev İlqar İlham oğlu, 2005-ci il təvəllüdlü, "Abdurəşid" dini ləqəbli Piriyev Amin Elşad oğlu və 2005-ci il təvəllüdlü "Abdurrahman əl-Azəri" dini ləqəbli Əlizadə Elvin Sənan oğlunun dini düşmənçilik zəminində Bakı şəhərində xarici ölkənin səfirliyinə terror hücumu törətməyə hazırlıq görmələrinə əsaslı şübhələr yaranıb.
Adıçəkilən şəxslər İŞİD terror təşkilatının "Vilayəti-Xorasan" silahlı qruplaşmasının üzvləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında xarici dövlətin Azərbaycan Respublikasındakı səfirliyinə terror hücumu etmək üçün silah qismində istifadə edilən predmetlər əldə edib səfirliyin yerləşdiyi əraziyə yaxınlaşarkən DTX-nin əməkdaşları tərəfindən saxlanılıblar.
Maraqlıdır, “Vilayəti-Xorasan” qruplaşması necə yaranıb və onlar azərbaycanlıları hansı yollarla “verbovka” edə bilirlər?
Tanınmış siyasət yazarı Kənan Rövşənoğlu Musavat.com-da məsələyə bu cür aydınlıq gətirdi:
“İŞİD Xorasan, beynəlxalq mediada isə “İŞİD-K” kimi təqdim olunan qruplaşma İŞİD-in Mərkəzi Asiya regionu, yəni qədim adı ilə Xorasan vilayəti hazırda İran, Əfqanıstan və Orta Asiya regionunu əhatə edən ərazidə fəaliyyət göstərən qruplaşmadır. Əslində, İŞİD-in Əfqanıstan qolu, yəni Əmirlik 2015-ci ildə Talibandan ayrılan radikallar tərəfindən təsis olunub. Ancaq bu qruplaşmanın "parlaq" dövrü 2021-ci ildə ABŞ koalisiyası Əfqanıstanı tərk etdikdən, Taliban hakimiyyətə gəldikdən sonraya təsadüf edir. Koalisiya Kabildən çıxarkən İŞİD ilk dəfə hava limanında qanlı partlayış törətdi. Ancaq digər regionlardan fərqli olaraq, Əfqanıstanda İŞİD-in konkret nəzarət etdiyi ərazi yoxdur. Hazırda qruplaşma daha çox ucqarlarda Talibanla toqquşmalar və sufi və ya şiə məscidlərində partlayışlar törətməklə gündəmə gəlir.
Ancaq bu qruplaşmanın adı son illərdə daha çox xarici ölkələrdəki terror aktları ilə xatırlanır. 2024-cü il yanvarın 28-də Türkiyədə “Santa Maria” kilsəsinə hücum, Moskvada “Krokus City” və İranda Şah Çıraq ziyarətgahına və Məşhəddə din xadimlərinə və Qasim Süleymaninin ildönümündə baş verən partlayışların məsuliyyətini “İŞİD-K” üzərinə götürüb. Ən çox İŞİD -K üzvləri Türkiyə hüquq-mühafizə orqanları tərəfindən yaxalanıb. Qrupun Orta Asiya-Türkiyə-Rusiya üçbucağında daha çox hərəkətli olduğu müşahidə edilir.
Onu da deyim ki, ekspertlər bütün terror aktlarının “İŞİD-K” tərəfindən törədilməsinə də şübhə ilə yanaşır. Ola bilər ki, ad kimi bu qruplaşmadan istifadə edilir. Aramsız müharibələr və həll olunmayan münaqişələr, sosial-iqtisadi qeyri-bərabərlik, avtoritar idarəçilik, hüquqsuzluq, sabit siyasi sistemlərin formalaşmaması və nəhayət, xarici təsirlər Yaxın Şərq ölkələrində dini camaatların radikallaşmasına və Belə fikirlərin tərəfdar toplamasının əsas səbəbləridir. Bu mənada kimin konkret hansı səbəbdən və ya necə radikallaşması ilə bağlı standart bir formul yoxdur. Lakin sadaladığım şərtlər dini icmaları və onun emosional, aşağı təhsilli üzvlərinin radikallaşmasına səbəb olur”.