Qol.az saytına istinadən Icma.az xəbər verir.
“Qarabağ”la UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununa hazırlaşan “Tvente” Bakı səfərinə xüsusi hazırlıqla yollanıb.
QOL.az xəbər verir ki, "Twenteinsite" nəşrinin məlumatına görə, Niderland klubu uzun məsafəni nəzərə alaraq adətən səfər oyunlarından bir gün əvvəl etdiyi səfər qaydasını bu dəfə dəyişib və Bakıya daha tez gəlib.
“Tvente”nin komanda meneceri Bart Bruins səfərin təşkili ilə bağlı açıqlamasında bildirib ki, Bakı ilə məsafənin 4 min kilometrdən çox olması hazırlıq planına təsir edib:
“Adətən Avropa səfər oyunları üçün matçdan bir gün əvvəl yola düşürük. Lakin məsafə və uzun uçuş vaxtı səbəbindən bu dəfə Bakıya bir gün tez gəlmək qərarına gəldik”.
Bruins adətən oyun keçiriləcək stadion və digər şəraitlə əvvəlcədən şəxsən tanış olduğunu, lakin vaxt azlığı səbəbindən bu dəfə bunu edə bilmədiyini bildirib.
Niderland təmsilçisi Bakı səfərinə hazırlaşarkən “Ayaks”ın da təcrübəsindən yararlanıb. Amsterdam klubu son üç ildə iki dəfə Bakıda olub və hər iki görüşdə “Qarabağ” üzərində qələbə qazanıb. Bruins bu barədə deyib:
"Ayaks"la çox əlaqə saxladıq. Onlar son üç ildə iki dəfə burada olublar".
Xatırladaq ki, "Qarabağ" - "Tvente" görüşü avqustun 27-də keçiriləcək və saat 20:00-da başlayacaq. Komandaların Niderlandda oynanılan ilk görüşündə "Qarabağ" 1:0 hesabı ilə qalib gəlib.