U 17 millinin yeni baş məşqçisi: “Əsas məqsədimiz A milliyə təməl formalaşdırmaqdır”

25.08.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

AFFA İcraiyyə Komitəsinin onlayn iclasında qəbul edilən qərara əsasən, aşağı yaş qrupları üzrə milli komandalara baş məşqçi təyinatları olub.

U-17 millisi Emin Mustafayevə həvalə olunub. Gənc mütəxəssis bundan əvvəl həmin komandada köməkçi məşqçi idi.

Yığmanın yeni baş məşqçisi təyinatı, keçmiş fəaliyyəti və millidəki hədəfləri ilə bağlı “Futbolpress.az”ın suallarını cavablandırdı:

– U-17 milli komandasına baş məşqçi təyinatınız necə baş tutdu, danışıqlar prosesi hansı mərhələlərdən keçdi?

– İyunun 2-də AFFA ilə müqaviləmiz başa çatmışdı. Sonra federasiyanın rəsmi saytında məşqçi postları üçün CV və motivasiya məktublarının qəbulu ilə bağlı elan dərc olundu. Hər bir mütəxəssis kimi mənim də gələcəkdə milli komandalarda çalışmaq arzum var idi. Bu imkandan istifadə edib müraciət ünvanladım. Uğurlu seçim mərhələsindən sonra AFFA-nın texniki direktoru Edmond Klaus, baş katib və İcraiyyə Komitəsinin təsdiqi ilə bu vəzifə mənə həvalə olundu.

– Əvvəllər Aqil Nəbiyevin köməkçisi olduğunuz kollektivə indi baş məşqçi təyin olunmusunuz. Bu keçid sizdə hansı təəssüratları yaradır?

– Aqil müəllimlə iki il birlikdə çalışmışam. Futbolda belə keçidlər tam normaldır və dünya praktikasında bunun kifayət qədər nümunəsi var. Pep Qvardiolanın yanında köməkçi işləyən Enzo Mareska, Mikel Arteta, Vinsent Kompani kimi mütəxəssislər sonradan baş məşqçi kimi böyük uğurlar qazandılar. Biz də yanında çalışdığımız təcrübəli insanlardan öyrənməyə və vaxtı çatanda bu şansı maksimum dəyərləndirməyə çalışırıq.

– Futbolçu karyeranız barədə nə deyə bilərsiniz? Meydandakı çıxışınız sizi qane etdi?

– Oyunçu karyeram tam istədiyim kimi alınmadı. Azərbaycanın U-17, U-19 və U-21 millilərində forma geyinmişəm. Premyer Liqada “Qarabağ” və “Sumqayıt” kimi klublarda çıxış etmişəm. Futbolçu kimi çata bilmədiyim arzularıma məşqçi kimi nail olacağam.

– Məşqçi peşəsini seçməyinizdə həlledici məqam nə olub?

– Futbola yad ailədən gəlməmişəm. Atam Mahir Mustafayev keçmiş futbolçudur. Sumqayıt futbolunun yetirməsidir, “Xəzər Lənkəran”, “Qarabağ”, “Kəpəz” (Gəncə) komandalarında, həmçinin Ağstafanın “Avey” klubunda həm futbolçu, həm də rəhbər kimi fəaliyyət göstərib, karyerasını da orada başa vurub. Futbol mühitində böyüdüyüm üçün bu peşəyə sevgim uşaqlıqdan var idi. Meydanda karyeramı bitirəndən sonra fəaliyyətimi məşqçi kimi davam etdirəcəyimi öncədən bilirdim.

– Məşqçilik fəaliyyətinizin başlanğıcı nə vaxta və hara təsadüf edir?

– 2017–2018-ci illərdə Birinci Liqada peşəkar karyeramı bitirdikdən sonra məşqçilik kurslarına qatıldım. Mərhələli şəkildə “C” və “B” lisenziyalarını aldım. 2019-cu ildən “Neftçi”də Vasif Əliyevin köməkçisi kimi U-12 komandasında işə başladım. Daha sonra onunla U-13 və U-14 yaş qruplarında çalışdım. Sonra mənə baş məşqçi postu həvalə edildi. Ardınca Sənan Qurbanov, Namiq Adilov, Elxan Abdullayev kimi təcrübəli mütəxəssislərlə birgə işləyərək biliklərimi artırdım. 8 ildir “Neftçi”dəyəm və çətin olsa da, yaxın günlərdə paytaxt təmsilçisindən ayrılıb, tam olaraq milli komandadakı fəaliyyətimə fokuslanacağam.

– Aşağı yaş qruplarında keçdiyiniz bu yol futbol baxışınıza nə qatdı?

– Məşqçiliyə ən aşağı pillədən başlamağım böyük üstünlükdür. Futbolumuzun hazırkı durumunun, çatışmazlıqlarının əsas səbəblərini məhz uşaq futbolunda görmüşəm. Bəzən burada infrastruktur, meydança çatışmazlığından danışılır, amma vicdanlı və savadlı məşqçi hər bir şəraitdə maksimum iş görməyə çalışmalıdır. Yetirmələrimizdən birini belə yuxarı yaş qruplarına və ya əsas milliyə hazırlaya bilirsənsə, bu, böyük əməkdir. “Neftçi” bu baxımdan mənə zəngin təcrübə qazandırdı.

– U-17 millisinin əsas hədəfi nə olacaq? Nəticə, yoxsa A milliyə futbolçu qazandırmaq?

– Edmond Klausla söhbətimizdə də müəyyən futbol fəlsəfəsinin formalaşdırılması vurğulandı. 5–6 ayın içində millidə möcüzəvi nəticə tələb etmək düzgün deyil, çünki milli komanda məşqçisi futbolçunu 3–4 aydan bir toplanışda görür. Klublar da bizə kömək etməlidir ki, oyunçular milliyə hazır gəlsinlər. Əsas məqsədimiz düzgün, baxımlı futbol oynamaq və uşaqların inkişafını təmin etməkdir. İndiyədək U-17-dən U-19-a 3 futbolçu keçirdisə, çalışacağıq ki, bu sayı ikiqat artıraq və gələcəkdə U-21 üzərindən A milliyə təməl formalaşdıraq.

– Seleksiya prosesini necə təşkil etməyi planlaşdırırsınız?

– Aqil Nəbiyevin korpusunda yer alan dövrdə də matçları canlı izləməyə üstünlük verirdik, lakin bəzən eyni gündə 3–4 oyun keçirilir və fiziki olaraq hamısına çatmaq mümkün olmur. Bu boşluğu aradan qaldırmaq üçün “Eyeball” sistemindən aktiv istifadə edəcəyik. Bu proqram vasitəsilə maraq dairəmizdə olan hər bir təhlil epizodlarını və göstəricilərini dəfələrlə analiz etmək imkanımız olacaq.

– Məşqçilər korpusunuz müəyyənləşib?

– Avqustun 25-də bu barədə AFFA ilə müzakirəmiz olacaq. Ağlımızda müəyyən namizədlər var. Edmond Klaus da onların düşüncə və fəlsəfəsinin uyğunluğunu yoxlamaq üçün görüş təşkil edəcək. Yaxın 2–3 gün ərzində köməkçilərin adı tam dəqiqləşəcək.

– Komandanın ilk toplanışı və turniri nə vaxta nəzərdə tutulub?

– Sentyabrın 2-dən 6-na qədər Bakıda təlim-məşq toplanışımız olacaq. Sentyabrın 6-dan 12-nə qədər isə Moldovada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəyik. Orada rəqiblərimiz Moldova U-17, Moldova U-18 və Latviya seçmələri olacaq.

Ayxan Zayıdzadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью