U15 boksçularımız Avropa çempionatında

21.10.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Türkiyənin Trabzon şəhərində boks üzrə U-15 Avropa çempionatı davam edir. Yarışın üçüncü günündə Azərbaycan millisinin daha 7 idmançısı mərhələ adlayıb.

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, Veysilə Əliyeva (54 kq) 1/8 finalda Mairid Makgeoçlə (Şotlandiya) döyüşüb. Görüş boksçumuzun 4:0 (29:27, 30:26, 29:27, 28:28, 29:27) hesablı qələbəsi ilə başa çatıb. O, 1/4 finalda Alina İnatoviçlə (Ukrayna) münasibətinə aydınlıq gətirəcək.

Hüseyn Rəhimli (40 kq) da 1/8 final qarşılaşmasından qalib ayrılıb. Boksçumuz Matiya Yankoviçi (Xorvatiya) ilk raundda tam üstünlüklə məğlub edib. Təmsilçimiz növbəti görüşündə Feliks Runi (İngiltərə) ilə üz-üzə gələcək.

Hümbət Almazov (42 kq) Petar Radivoyeviçdən (Serbiya) güclü olub – 5:0 (30:26, 30:26, 30:26, 30:26, 30:27). O, 1/4 finalda Kevin Lourenko de Kastro (Almaniya) ilə münasibətinə aydınlıq gətirəcək.

Gülay Ocaqova (57 kq) adını yarımfinala yazdırıb. İmişli boksunun yetirməsi 1/4 finalda Quilia Qiustizieri (İtaliya) yarışdan kənarlaşdırıb – 4:1 (28:29, 29:28, 29:28, 29:28, 29:28, 29:28). Ocaqova finala gedən yolda Lia Toldi (Macarıstan) ilə qüvvəsini sınayacaq.

Rafael Abbasov (66 kq) 1/4 finalda Yan Bala (Polşa) 3:2 (27:30, 30:27, 30:27, 30:27, 27:30) hesabı ilə qalib gəlib. O, yarımfinalda Zakaria Tsiklauri (Gürcüstan) ilə görüşəcək.

Sərxan Haxverdiyev (70 kq) 1/4 finalda Oliver Maya (Polşa) 3:2 (30:27, 29:28, 28:29, 28:29, 30:27) hesabı ilə qalib gəlib. Boksçumuz növbəti döyüşündə Dieqo Mastrorilllo (İtaliya) ilə gücünü yoxlayacaq.

Teymur Tanrıverdiyev (90 kq) isə 1/4 finalda Berat Yıldırımdan (Türkiyə) üstün olub – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28). O, yarımfinalda Andrey Konstantinovu (Rusiya) sınağa çəkəcək.

Qeyd edək ki, Avropa çempionatına oktyabrın 25-də yekun vurulacaq.

Qabil YUSİFOĞLU
XQ 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью