Üç gün üç gecə Göylərdə... Məmməd Oruc yazır

07.08.2026

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Məmməd ORUC

Hələ bu yayın ilk günlərində, birdən-birə qət elədim ki, heç olmasa, bir-iki həftəni yaylaqda keçirdim: "binələri çadır-çadır" olan bir yaylaqda. Əlbəttə, belə bir zaman kəsiyini Vedibasarın yaylaqlarında - bənzərsiz mənzərələri hələ də gözlərimdən çəkilməyən Əziz kəndində, Əyricədə, Sultan yurdunda keçirmək daha xoş olardı, təəssüf ki, bu, hələ mümkün deyil; sülh sazişini, sərhədlərin açılmasını gözləməliyik. Yaş isə gözləmir...

Əlbəttə, bir zamanlar bir neçə günlüyə də olsa, havasını udduğum, sularından içdiyim Laçının, ya Kəlbəcərin yaylaqlarına üz tutmaq olardı... Niyyətimi qələm dostum, şamaxılı Sarvan Kərimova eşitdirəndə: - Gəl Şamaxıya, - dedi, - Pirquluya gedərik, Pirqulunun yaylaqları heç də Laçının, Kəlbəcərin yaylaqlarından geri qalan deyil, həm də yolu-rizi rahat, yaxın...

Bu minvalla, iyulun ortalarında, daha doğrusu, on yeddisində gəlib çıxdım Şamaxının Göylər kəndinə. Gəlişimi də ona görə qələm dostuma bildirməmişdim ki, xüsusi hazırlıq görməsin, narahat olmasın.

Şamaxının on dörd kilometrliyindəki Göylər kəndinin yolunu iyirmi dəqiqəyə qət edəcəyimi ağlıma da gətirməzdim. Bu yol magistral yollarımızdan geri qalmaz. Yol işarələrindən də məlum oldu ki, bu yol həm də Arana - Ağsuya, Kürdəmirə, Bakı-Tiflis magistralına gedib çıxır.

Göylərə çatandan sonra, maşını saxlayıb, yan-yörəyə ha göz gəzdirdimsə, bir adam tapa bilmədim ki, dostumun yerini-yurdunu soruşum. Axırı, məcbur olub Sarvana telefon açdım və məlum oldu ki, dostumun yaşadığı məkanın on dörd-on beş addımlığındayam.

Üçmərtəbəli malikanənin qarşısında görüşəndən sonra biləndə ki, mən onun yerini-yurdunu soruşmağa bir kimsənə tapa bilmirmişəm;

- Bu, bütün kəndlərimizin bəlasıdır, - dedi, - amma mənə elə gəlir ki, bizim Göylər, ilbəil yox, aybaay, günbəgün boşalır...

"Quşu uçan budaqlar"ın keçən yüzilliyin ortalarından başlayan fəryadını bir də qulağım çaldı...

Məlum oldu ki, mənim qələm dostum da bu üçmərtəbəli mülkdə tək yaşayır. Canlı həmsöhbəti də, yalnız, "Ovçarka" cinsindən olan dördaylıq Markodu. Mənim kimi yad bir adamı görəndə də, şadlığından atılıb-düşən Marko. Bu arada kolların arasından çıxan boynu xaltalı pişik də Markoya qoşuldu. İtlə pişiyin mehribançılığı mənə bir qədər qəribə görünsə də, fikirləşdim ki, yəqin tənhalıqdan, kimsəsizlikdəndi...

Bir qədər sonra qələm dostum (yəqin ki, qonaqpərvərlik naminə) telefon açıb, böyük qardaşını da məclisimizə dəvət elədi. Yeri gəlmişkən, mən onun - yəni Çingiz Kərimovun Göylər bələdiyyəsinin sədri olduğunu çoxdan bilirdim.

İlkin tanışlıqdan sonra Çingiz müəllim də Göylər bələdiyyəsinin qayğılarından - hamını razı salmağın çətinliyindən söz açdı, amma sezəndə ki, mən bu sayaq məsələlərə təbii baxıram, başladı Göylərdə zaman-zaman dolaşan maraqlı-məzəli hadisələri yada salmağa. Baməzəliyi ilə çoxdan diqqətimi çəkmiş qələm dostum isə doğma kəndin hadisələrindən danışdı.

- Birisi arvadını boşamaq qərarına gəlir və iş gəlib çıxır məhkəməyə. Mal-mülk bölünəndən sonra kişi deyir ki, uşaqları da bölək. Məhkəmənin sədri deyir ki, biz birinci növbədə uşaqların hüququnu qorumalıyıq, kim istəsə, anası ilə gedər, kim istəsə, atası ilə. Kiçik oğul dərhal bildirir ki, anasıyla gedəcək. Ortancıl oğul da duruxa-duruxa deyir ki, mən də anamla gedirəm. Kişi fikirləşir ki, eybi yox, yəqin böyük oğlum mənimlə qalar. Elə o günlərdə ona maşın da alıbmış... Amma böyük oğul da elan eləyəndə ki, anasıyla gedəcək, kişi təbdən çıxır və deyir ki, yoldaş məhkəmə, mən də acığa, bunların anası ilə gedirəm...

Çingiz müəllim, daha çox Göylərin keçmişindən bəhs edən, daha bir neçə əhvalatı yada saldı, hətta Göylər adının etimologiyasına da gedib çıxdıq, hətta Oğuz boylarını, Göy türkləri, türklərin yaratdıqları imperiyaları yada saldıq və s. Amma nədənsə, mənə elə gəldi ki, uzağa getmək lazım deyil, bu Göylər bir neçə xırda köyün birliyidir. Hələ inşil Sarvan mənə Ləbgəviz dağlarının qoynunda binə olmuş müxtəlif tayfalar - Bəyğalılar, Məsəllilər, Murad həsənlilər, Qazxanlılar və lap son zamanlarda burada binə olmuş Sayadlılar haqqında danışmışdı. Və bu söhbətlər bir daha yadıma ötən əsrin altmışıncı illərində Türkan Şorayın baş rolda çəkildiyi "Çalı quşu" və o filmdəki unudulmaz şərqini saldı:

"... Orda bir köy var-uzaqda,

O köy bizim köyümüzdür...

Getməsək də, gəlməsək də,

O köy bizim köyümüzdür..."

Bu qarşılanma mərasimini yekunlaşdırmaq məqsədilə, qələm dostuma xatırlatdım:

- Biz Pirquluya getməliyik ha...

Sarvan mənim yanımdaca kimlərə isə zəng vurdu, mənim istədiyim çərçivədə məsələni anlatdı və sonra da üzünü mənə tutub:

- Narahat olmayın, hər şey yaxşı olacaq, - dedi, - amma yəqin ki, bu gün Göylərdən çıxa bilməyəcəyik...

Sarvan məni Göylərin bulaqlarından su içməyə həvəsləndirəndə məlum oldu ki, bu köyün otuzdan çox bulağı var; hamısının da öz tarixçəsi, əfsanəsi və öz adı: Ağ bulaq, Qara bulaq, Saxsılı bulaq, Abdulla bulağı, Alagöz bulaq, Kalaxaını bulağı, Seyd Rza bulağı... Yeri gəlmişkən, Hacı Bayram bulağı haqqında. Məlum oldu ki, bu bulağın suyunda beş saniyədən artıq barmaq saxlamaq olmur, Göylər bulaqlarının ən soyuğudu. Və o da məlum oldu ki, bu qədim, yaşı bilinməyən bulağa ikinci həyat verən Hacı Bayramın otuz il öncə Göylərdən çıxmış və Komidə, Sıktıkvar şəhərində məskunlaşmış nəvəsidir. Özü də Göylərdə Sarvanın sinif yoldaşı olub. Qəfildən gəlib və bulağı əsl abidəyə çevirəndən sonra yenə Komiyə qayıdıb. Bəli, "gəlməsək də, görməsək də, o köy bizim köyümüzdür..."

Foto-surəti bu bulağın sinədaşına hopdurulmuş Hacı Bayramın ruhuna Sarvan da dua oxudu, fatihə verdi və təbii ki, neçə illər Göyləri tərk etmiş sinif yoldaşını da xatırladı.

Göylərin müxtəlif adlı, soyadlı məhlələrini dolaşdıqca, Sarvan mənə hər qəbiristanlıq, hər daş haqqında danışırdı və məncə, istəyirdi ki, mən bu elat haqqında hər şeyi biləm.

On ikinci yüzillikdən xəbər verən Pir Mərdəkan Xanəgahına necə biganə qalmaq olar?.. Məlum olur ki, uşaq vaxtı, ağır bir dərdə mübtəla olanda, Sarvanı da bu ocağa, bu pirə gətirirmişlər.

Göylərin cəmi qəbiristanlıqları öz yerində, qədim, tənha məzarlarını da ziyarət elədik və bu azman qəbir daşlarından birinin önündə qələm dostum fəxarətlə izahat verdi:

- Belə iri başdaşılar yalnız sərkərdələrin qəbrinə qoyulurmuş... Demək, Göylərdən sərkərdələr keçib...

Bəli, elə ən yaxın tariximizdə Qafqaz İslam ordusu bu yerlərdən keçə-keçə özünü Bakının harayına yetirməyibmi? Yoxsa, bu gün nədən danışmaq olardı?

Təxminən, iki sandıq hündürlüyündə, üç sandıq enindəki başdaşına xeyli baxdım və ərəb əlifbasını oxuya bilmədiyimə görə bir daha özümü qınadım...

Göyləri məhlə-məhlə dolaşdıqca, məlum olurdu ki, burda nəinki hər yoxuşun, hər yamacın, hər gözəgəlimli daşın da öz adı var və Sarvan da istəyirdi ki, bütün bu məlumatları, yozumları mənə o bulaqların suyu kimi içirdə və məni belə kövrək tellərlə Göylərə bağlaya. Fikirləşirdim: bu, nədən irəli gəlr? Əlbəttə, doğma yurda məhəbbətdən... Amma Sarvan dəfələrlə mənə söyləmişdi: "Mən Göylərdə darıxıram... "

Ayaqüstü söhbətimiz əsasında məlum oldu ki, Sovet dönəmində on iki min sakini olan Göylərin dörd bir yanı üzüm bağları imiş, kəndin ortasında şərab zavodu fəaliyyət göstərirmiş və yenə də üzüm yığımı zamanı işçi qüvvəsi çatışmayanda, hətta tibb işçilərini, müəllimləri, cəmi məktəbliləri işə qoşurmuşlar... İndi nə üzüm bağları var, nə o şərab zavodu... Bəzi nişanələri gözdağı kimi qalmış o zavodun ərazisində isə ikimərtəbəli, yaraşıqlı uşaq bağçası ucaldıblar.

Onu da vurğulayım ki, mən Göylərdə, yalnız bircə dəfə bağça yaşlı uşağa rast gəldim və özlüyümdə bu qənaətə vardım ki, yəqin çox çəkməz, o tikilinin də təyinatını dəyişərlər.

Qarabağ şəhidlərinin şərəfinə inşa edilmiş abidənin önündə isə xeyli ayaq saxladıq və məlum oldu ki, bu şəhidlərin bir çoxu Sarvanın orta məktəb yoldaşları olub. Görürdüm ki, Sarvan burdan getmək istəmir: şəhidlərin hər birisi haqqında ayrıca danışırdı. Onların döyüşlərdə necə şücaət göstərmələrindən bəhs edirdi. Sanki onlarla bir səngərdə vuruşmuşdu.

Bu arada, mən bir daha Sarvana eşitdirdim ki, Pirquludakı tanışları ilə bir də əlaqə saxlasın. Sarvan həqiqətən də sözümdən çıxmadı və sonra dedi ki, bu gün Göylər Pirquludan daha sərindi. Bu, həqiqət idi...

Göylərin dam-daşdan seyrələn yerində, təpəlikdə, son dərəcə səliqə-sahmanla inşa edilmiş "Sərin" restoranında daha sərin idi. Çay süfrəsi arxasında mən bir daha Sarvana dedim ki, Pirquludakı tanışları ilə əlaqə saxlasın. Bu dəfə isə qələm dostum sözümü ərklə və özü də sualla kəsdi:

- Qardaş, sənə sərin yer lazım deyil?

Və bu dəfə dostum, deyəsən, mənim susmağımdan razı qaldı... O gecə, qonağı olduğum mülkün aynası açıq otaqlarından birində yatağa girəndən və yorğanı da üstümə çəkəndən sonra qulağım, həyətin böyük bir parçasını ağuşuna almış çinarın budağında anadil səsi çaldı...

Hər eşidəndə məni kövrəldən, uşaqlığıma, Vedibasara qaytaran bu səsin sehri ilə də yuxuladım. Kim bilir, bəlkə də Vedibasarda məni ilk diksindirən - heyrətləndirən anadil səsi olub. Anamın dediyinə görə, mən qundaqda ikən yalnız bu səsi eşidəndən sonra səsimi kəsirmişəm.

Yadımdadır, orta məktəbdə zoologiya fənnini öyrənməyə başlayanda bu quş haqqında daha çox bilmək istəyirdim, amma hiss eləyirdim ki, Hüseyn müəllimə də bu quşun haqqında zoologiya kitabında yazılandan artıq bir şey məlum deyil. Və artıq mən bilirdim ki, anadil yapalaq növüdü, hər deyəndə gözə görünmür və səsi ilə diqqət çəkir. El arasındakı adı müxtəlif bölgələrdə dəyişir: Anadil və İsaq-Musaq kimi.

Hərdən düşünürəm: mən bəstəkar olsaydım, yəqin bu yapalağın da səsini çoxdan nota salmışdım...

Göylərdə gecələdiyim ikinci, üçüncü gecədə də o anadil bu mülkün mərhum sahibi Babacan müəllimdən yadigar qalmış bu çinara qondu və həmcütünü tapana, daha doğrusu, həmcütü ona hay verənə qədər oxudu...

Göylərdə qaldığım üç gün, üç gecə daha çox Göylərdən danışan qələm dostum Sarvan Kərimov haqqında da nə deyim? Yalnız onu söyləmək istəyirəm ki, Göylərdə orta məktəbi bitirəndən sonra Bakıda ali təhsilini rusca alıb. Yazılarını daha çox sosial şəbəkələrdə paylaşır. Bədii nümunələrini rus dilində yazır. Azərbaycandan başqa, bir müddət Rusiyada və Almaniyada yaşamalı olub... Ən kövrək xatirələri də qürbətlə bağlıdır. Çünki hər dəfə görüşəndə ya Almaniyadan danışır, ya Rusiyadan... Özünün etirafına görə, rus dilini, beş-altı yaşından yatmağa məhkum olduğu Bakı şəhər xəstəxanalarında həkim tayfasından, sonra isə multiplikasiya filmlərindən və kitablardan öyrənib...

17-20 iyul arası

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью