Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
Ölkə.az xəbər verir ki, bunu Vətən müharibəsinin şəhidi Süleyman Qarayevin həyat yoldaşı Şəlalə Muradova sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib.
O, yazıb:
"O vaxt onu qucağıma alıb qarşıda məni nələrin gözlədiyini düşünürdüm. Çox sualım, çox qorxum vardı: “Görəsən, onu təkbaşına necə böyüdəcəm? Necə olacaq?”
İndi isə baxıram… O balaca, 3 günlük körpə böyüyüb, məktəbə başlayır. Kaş hər şey tamamilə başqa cür olardı… Bəlkə onda bu qədər kövrək olmazdım, bilmirəm. Amma bu gün bütün çətinliklərə baxmayaraq, içimdə böyük bir qürur var. Çünki bacardıq.
Həsənim, ağıllı balam, sən mənim ən böyük sevincim, gücüm və bütün mübarizələrimin ən gözəl səbəbisən. Səninlə fəxr edirəm, balam. Yolun həmişə açıq, bəxtin gözəl olsun".
Qeyd edək ki, Qarayev Süleyman Əlbağış oğlu 1995-ci il iyulun 3-də Sabirabadın Qalağayın kəndində doğulub. O, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinə qoşulub. Oktyabrın 7-də Ağdamın azadlığı uğrunda qəhrəmancasına döyüşüb və şəhidlik zirvəsinə ucalıb. Doğulduğu Qalağayın kəndində dəfn olunub.
Şəhidin 2 oğlu yadigar qalıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Süleyman Qarayev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Həmidə İbrahimova