Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 1 fevral, Göyçək Mahmudlu, Orxan Kərimov, Mirrəsul Cəfərov, AZƏRTAC
Fevralın 1-də Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən Gəncləri Gününə həsr olunmuş “GəncLAND” Festivalı təşkil olunub.
AZƏRTAC xəbər verir ki, festival zamanı ölkənin müxtəlif bölgələrindən olan 3 mindən çox gənc bir araya gələrək Gənclər Gününü birgə qeyd ediblər.
"Elektra Events Hall"da reallaşdırılan festival iştirakçılara yüksək enerjili və əyləncəli proqramı təqdim edib.
Festivalın açılış mərasimində çıxış edən Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Yusif Vəliyev dövlət gənclər siyasətinin prioritet istiqamətlərindən və gənclərin ölkəmizin sosial-iqtisadi və ictimai həyatındakı rolundan bəhs edib. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən Azərbaycan Gəncləri Günü gəncliyin cəmiyyətdəki rolunu, ölkəmizdə gənclərə verilən dəyəri nümayiş etdirir və bu gün Azərbaycan gəncliyinin qazandığı nailiyyətlər Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu gənclər siyasətinin nəticəsidir.
"Gənclər Fondu 15 ildir fəaliyyət göstərir. Əsas məqsədimiz gənclərin layihələrinə, ideyalarına dəstək göstərmək və dövlətin gənclər siyasətini həyata keçirməkdir. Əziz gənclər, sizi təbrik edir, uğurlar arzulayır, həyatınızın ən önəmli illərini inkişafa və davamlı nailiyyətlərə yönəldərək bizləri sevindirəcəyinizə inanırıq" - deyə Y.Vəliyev qeyd edib.
"CAVAN Gənclər Hərəkatı" İctimai Birliyinin icraçı direktoru Ənvər İsmayılzadə isə bildirib ki, bütün gənclər təşkilatlarının əhatə olunduğu və Gənclər Gününün 30 illiyinə həsr olunan festivalın əsas məqsədi gənclərin bir araya toplaşması, sosial inteqrasiyaya nail olmaq və onların yaradıcı potensialının üzə çıxarılmasıdır: "Göründüyü kimi, gənclərin enerjisi çox yüksəkdir. Azərbaycan gəncliyinə uğurlar arzulayır və daha yaddaqalan işlərə imza atmalarını diləyirik".
Festival çərçivəsində baş tutan milli rəqs kompozisiyaları, gənclərin sevimli müğənnilərinin ifasında musiqili çıxışlar, DJ şou, interaktiv fəaliyyətlər və viktorinalar iştirakçıların böyük marağına səbəb olub və gün boyu festival məkanında dinamik, yaradıcı və əyləncəli atmosfer müşahidə olunub.
Gənclərin pozitiv enerjisi ilə yadda qalan “GəncLAND” Gənclər Festivalı Gənclər Fondu, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması, “Böyük Qayıdış” Gənclər Təşkilatı, “CAVAN” Gənclər Hərəkatı, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi və “Gənc Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Qeyd edək ki, Gənclər Fondu tərəfindən Azərbaycan Gəncləri Gününə həsr olunmuş genişmiqyaslı tədbirlər "GəncİNTELLEKT" ölkənin ən böyük fərdi intellektual yarışı, “GəncVİZYON” İdeyatonu və “GəncTALKS” Motivasiya Platforması ilə davam edəcək. Silsilə tədbirlər gənclərin sosial fəallığının artırılması, yaradıcılıq və innovativ düşüncə tərzinin təşviqi, eləcə də onların asudə vaxtlarının səmərəli təşkili məqsədi daşıyır.