Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.
Avrokuboklara vəsiqə qazanan üç klubumuz bu həftə mövsümün ilk oyunlarını keçirəcək.
Məlum olduğu kimi, bu gün “Sabah” “Nyu Seynts”i, sabah “Zirə” “Torpedo”nu, birisigün “Qarabağ” “Vestri”ni sınağa çəkəcək. Bütün komandaların matçları evdə olacaq. Deməli, futbolsevərlər üçün əla fürsət yaranıb. Onlar istər kafe və restoranlarda, istər evdə, istərsə də tribunalarda həmin oyunları izləyə, bizimkilərin qələbə uğrunda mübarizəsindən zövq ala bilər. Onsuz da azarkeşlərin bu barədə hansısa problemlə üzləşmək ehtimalı azdı. Məhz yuxarıda adlarını sadaladığımız klubların, xüsusən “Qarabağ”ın avrokuboklarda müntəzəm çıxışı sayəsində ölkədə futbolsevərlərin oyun günüylə bağlı adət-ənənələri formalaşıb, artıq hamı həmin anda nə edəcəyini bilir. Belədə qalan məsuliyyət klubların üzərinə düşür ki, tərəfdarların kefinə soğan doğramasın, yediyini-içdiyini burnundan gətirməsin.
Bəs, bu ehtimal nə dərəcədə yüksəkdi? Axı arzumuz “Neftçi”nin baş məşqçisi Yuri Vernidub demişkən, bir-iki mərhələ keçib yarışları əli ətəyindən uzun tərk etmək deyil. Azı iki klubun ölkəmizi əsas mərhələlərdə təmsil etməsini istəyirik! Təbii ki, bu istiqamətdə favoritlər “Sabah”, “Qarabağ” və “Neftçi”di. Son iki mövsümdə uğurlu nəticələrə imza atan Masazır təmsilçisi ötən il yalnız ölkə kubokunu qazandısa, bu il “qızıl dubl”a imza atdı. Bu səbəbdən, “bayquşlar”dan gözləntilər bir qədər də artıb. Hər halda, ölkə daxilində “Qarabağ”ı qabaqlayırsansa, avrokuboklarda həmin uğurun təsadüf olmadığını əsaslandırmağa məcbursan. Bununla belə, “Sabah”ın oyun tərzi, demək olar, qüsursuzdu. Kollektivin ölkə kubokundakı və premyer-liqadakı hegemonluğu təkcə “köhlən atlar”ın Çempionlar Liqasının əsas mərhələsində çıxış etməsi ilə bağlı deyil. İstisnaları nəzərə almasaq, hamı komandanın “qızıl dubl”u haqq etdiyinə əmindi. Odu ki, Masazır təmsilçisinin Çempionlar Liqasında uğurlu debüt etməkdən başqa yolu yoxdu. Təkcə “Nyu Seynts”lə oyunları demirik ha!
İş ondadı ki, “bayquşlar”ın daha güclü görünməsinə rəğmən, “Qarabağ”ın əsas mərhələdə çıxış edəcəyinə əmin olanların sayı daha çoxdu. Bunun üçün o qədər haqlı səbəb var ki, iki əlin barmaqlarına sığmaz. Təkcə baş məşqçi Qurban Qurbanovun adı, təcrübəsi bəs edir ki, ağdamlıların pley-off mərhələsinə qədər bütün matçlarda aşkar favorit olacağını düşünək. Ancaq burda narahatlıq doğuran məqamı da nəzərə almalıyıq. Söhbət “Qarabağ”ın heyətində edilən köklü dəyişikliklərdən gedir. Çünki 8 futbolçuyla yollarını ayıran komanda 8 transfer edib. Əlbəttə, bu addımları start heyətində 11 nəfərin top qovduğu idman növü üçün genişmiqyaslı islahat adlandırmalıyıq. Ancaq buna görə ümidləri üzməyə dəyməz. Futbolçuların bir-birinə uyğunlaşması, Qurban bəyin sistemini mənimsəməsi üçün müəyyən qədər vaxt var.
Həmçinin təsnifat mərhələsindəki rəqiblərin “köhlən atlar”ın “dişinə görə” olduğunu bilirik. Həmin vaxtdan da səmərəli istifadə, ardıcıl uğurlu nəticələr kollektivin motivasiyasın da müsbət təsir edəcək və proses sürətlənəcək. Təbii ki, bu, ağlagələn ən nikbin proqnozdu. Allah uzaq eləsin, hadisələrin axarı plana uyğun irəliləməsə, baş məşqçinin B planı işə düşməlidi. Varsa... O başqa məsələ ki, olmalıdı! Həqiqətən də, bu ərəfədə bu cür dəyişikliklər böyük riskdi... Yenə də “Qarabağ”ın əsas mərhələyə vəsiqə qazanacağına qəlbdən inananların sırasında biz də varıq!
O ki qaldı “Zirə”yə. Məlum səbəblər üzündən uğursuz mövsüm keçirsə də, avrokuboklara vəsiqə qazanan “qartallar”ın şansı yüksək qiymətləndirilmir. Bəli, qəsəbə təmsilçisi Rəşad Sadıqovun rəhbərliyi altında böyük təcrübə qazanıb. Ancaq komandanın bugünkü maliyyə durumu, ötən ayın 15-dək hələ Konfrans Liqasında çıxış edib-etməyəcəyinin bilinməməsi kollektivin hazırlıq prosesinə mənfi təsir göstərib. Hələ onu demirik ki, mövsümün sonunda hədəfə çata bilmədiyini görən “Zirə” xeyli aparıcı futbolçuyla yollarını ayırdı. Hazırda heyətlə bağlı ən ciddi problem isə qapı mövqeyində yaşanır. Çünki Tyaqo Silvanın davamçısı kimi transfer edilən Maykon Kleyton məşqdə zədələnib. Hazırda “çərçivə” üçün namizədlər Anar Nəzirov, Aydın Bayramov və Hüseynəli Quliyevdi ki, Rəşad bəy daha çox Aydına etibar etməyə məcburdu. Bu qolkiper avrokuboklarda sonuncu dəfə 2021/22 mövsümündə “Sumqayıt”ın şərəfini qoruyarkən çıxış edib. Qalan mövqelərlə bağlı problemlər də çoxdu. Hər halda, “Zirə” mümkün qədər irəliləməklə təcrübəsinə təcrübə qatmağa məcburdu.
Öz aramızdı, daim yerli məşqçilərə güvənilməməsiylə mübarizə aparan Rəşad Sadıqov əsas mərhələyə vəsiqə qazanmaqla həmkarlarına da böyük fayda verə bilər. Hələ “qartallar”ın qazancını demirik.
“Neftçi” ilə bağlı durum isə hələ bulanıqdı. Bəli, klub başa çatan mövsümdə uğur qazandı. Ancaq davamlılığı təmin etmək məqsədilə sükanı belə saxlamaq lazımdı. Bunun üçün isə yoxlama oyunları keçirilməli, heyətin komplektləşdirilməsi tamamlanmalıdı. “Ağ-qaralar” haqda yalnız həmin gündən etibarən ağızdolusu danışmağa dəyər...
KƏNAN BAHADIR