Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Şençjendə “böyük güclər”in qırmızı xətləri üz-üzə gəlir
Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Çinin Şençjen şəhərində keçirilən 33-cü Zirvə Görüşü çərçivəsində Çin, Rusiya və ABŞ liderlərinin bir araya gəlməsi qlobal diplomatiyanın diqqət mərkəzinə çevrilib. Qlobal informasiya məkanında, xüsusilə Qərb mərkəzli liberal mediada “Böyük üçlük” görüşü kimi təqdim olunan bu toplantı bəzi şərhçilər tərəfindən fövqəldövlətlərin dünyanı yenidən nüfuz dairələrinə bölüşdürmək cəhdi kimi qiymətləndirilir. Bu təmaslar qlobal güc balansının dəyişdiyi və beynəlxalq münasibətlərdə yeni reallıqların meydana çıxdığı şəraitdə strateji sabitliyin qorunmasına yönələn diplomatik zərurət kimi çıxış edir.
Üçtərəfli sammitin gündəliyində duran əsas məsələlər nüvə silahlarının azaldılması, Rusiya-Ukrayna, İsrail-İran müharibələri və Yaxın Şərqdə regional təhlükəsizlik arxitekturası, habelə qlobal sistemin gələcək nizamlanma qaydalarını əhatə edir. Qlobal təhlükəsizlik sistemində yaranmış dərin etimadsızlıq fonunda Vaşinqton, Pekin və Moskva bəşəriyyətin gələcək təhlükəsizlik parametrlərini müəyyənləşdirirlər. Liberal dairələrin yeni qlobal sövdələşmə və ya dünyanı bölüşdürmək iddiaları, əslində, böhranların nəzarətdən çıxması qorxusundan qaynaqlanır.
Nüvə silahlarına nəzarət strukturlarının iflasa uğraması sammitin həssas siyasi müzakirə mövzusudur. Əvvəlki dövrlərdə Vaşinqton ilə Moskva arasında strateji sabitliyi tənzimləyən ikitərəfli müqavilələrin hüquqi qüvvəsini itirməsi və Çinin artan hərbi-strateji qüdrəti ənənəvi nüvə balansını kökündən dəyişdirdi. ABŞ tərəfi strateji sabitlik danışıqlarına mütləq şəkildə Çinin də daxil edilməsini tələb edir, lakin Pekin hələ də Vaşinqton və Moskva ilə müqayisədə nüvə arsenalının fərqli parametrlərə malik olduğunu əsas gətirərək çoxtərəfli məhdudiyyətlərə ehtiyatla yanaşır. Rusiya Federasiyası isə strateji təhlükəsizliyin yalnız strateji hücum silahları ilə məhdudlaşmadığını, qlobal raketdən müdafiə sistemləri, kosmik hərb texnologiyaları və yüksək dəqiqlikli adi silahların ümumi kontekstdə nəzərdən keçirilməsini irəli sürür.
Rusiya-Ukrayna müharibəsinin nizamlanması Şençjen görüşünün əsas müzakirə mövzularındandır. Müharibənin uzanması Avropanın təhlükəsizlik arxitekturasına və qlobal siyasi-iqtisadi münasibətlərə ciddi təsir göstərib. ABŞ ərazi bütövlüyü prinsiplərini önə çəkərək hərbi əməliyyatların dayandırılmasına çalışır, Rusiya isə döyüş meydanında yaranmış reallıqların və təhlükəsizlik zəmanətlərinin nəzərə alınmasını tələb edir. Çin tərəfləri atəşkəsə və diplomatik dialoqa çağıraraq Avrasiya təhlükəsizlik sisteminin formalaşdırılmasını dəstəkləyir. Şençjendəki müzakirələr mümkün kompromis imkanlarının araşdırılmasına yönəlib.
Yaxın Şərqdəki gərginlik, xüsusilə İran ətrafında yaranmış hərbi qarşıdurma və regional təhlükəsizlik məsələləri də sammitin gündəliyində mühüm yer tutur. İranın nüvə proqramı, Fars körfəzində enerji marşrutlarının təhlükəsizliyi və regional müttəfiqlər arasındakı qarşıdurma ABŞ, Rusiya və Çinin maraqlarını üz-üzə gətirir.
* * *
Yeni dünya nizamı və çoxqütblü sistem məsələləri sammitin əsas siyasi müzakirə istiqamətlərindəndir. İkinci Dünya müharibəsindən sonra formalaşmış beynəlxalq institutlar və Bretton-Vuds sistemi müasir güc balansını əks etdirməkdə çətinlik çəkir. Qlobal Cənubun, Asiya və Avrasiya dövlətlərinin yüksəlişi beynəlxalq idarəetmədə yeni yanaşmaları aktuallaşdırır. Moskva və Pekin suveren bərabərlik, daxili işlərə qarışmamaq və beynəlxalq hüququn aliliyinə əsaslanan çoxqütblü dünya modelini müdafiə edirlər. Vaşinqton isə mövcud beynəlxalq nizamın qorunmasına çalışmaqla yanaşı, dəyişən geosiyasi reallıqları nəzərə almaq zərurəti ilə üzləşir.
Çin lideri Si Cinpinin ev sahibliyi etdiyi görüş Pekinin qlobal idarəetmədə rolunu gücləndirmək niyyətini nümayiş etdirir. Çin Qlobal Təhlükəsizlik Təşəbbüsü vasitəsilə beynəlxalq münaqişələrin həllində diplomatik vasitəçilik imkanlarını genişləndirməyə çalışır. Şençjenin sammit məkanı seçilməsi də rəmzi məna daşıyır. Vaxtilə kiçik balıqçı qəsəbəsi olan şəhərin qlobal texnologiya mərkəzinə çevrilməsi Çinin iqtisadi modernləşmə modelinin və beynəlxalq nüfuzunun göstəricisidir.
ABŞ rəhbərliyinin danışıqlarda iştirakı Vaşinqtonun Çin və Rusiya ilə münasibətlərdə strateji dialoqun əhəmiyyətini nəzərə aldığını göstərir. Qlobal təchizat zəncirlərinin qorunması, Hind-Sakit okean regionunda təhlükəsizlik və Tayvan boğazında gərginliyin azaldılması ABŞ-ın əsas prioritetlərindəndir. Üçtərəfli təmaslar qarşıdurma risklərinin məhdudlaşdırılması və qlobal böhranların diplomatik yollarla idarə olunması baxımından əhəmiyyət daşıyır.
Rusiya Prezidenti Vladimir Putinin sammitdə iştirakı Moskvanın beynəlxalq proseslərdə mövqeyini qorumaq və Qərbin təcrid siyasətinin təsirlərini azaltmaq cəhdləri ilə əlaqələndirilir. Rusiya rəhbərliyi Avrasiyada bölünməz təhlükəsizlik konsepsiyasını müdafiə edir və NATO-nun şərqə doğru genişlənməsinə qarşı mövqeyini saxlayır. Moskva üçün bu format həm regional təhlükəsizlik məsələlərində mövqeyini gündəmə gətirmək, həm də qlobal güc mərkəzi statusunu nümayiş etdirmək imkanıdır.
Liberal medianın dünyanı bölüşdürmək barədə iddialarına baxmayaraq, Şençjen görüşünün əsas mahiyyəti qlobal qarşıdurmanın qarşısını almaq və fövqəldövlətlər arasında strateji tarazlığı qorumaqdır. Müasir beynəlxalq münasibətlərdə Türkiyə, Hindistan, Braziliya və Səudiyyə Ərəbistanı kimi regional güclər müstəqil siyasi qərarlar qəbul edərək qlobal proseslərə təsir göstərirlər. Bu baxımdan, “Böyük üçlüy”ün görüşü dünyanı bölüşdürmək cəhdindən daha çox, qarşılıqlı maraqların və qırmızı xətlərin müəyyənləşdirilməsi, mümkün qarşıdurmaların məhdudlaşdırılması təşəbbüsü kimi qiymətləndirilə bilər.
Vaşinqton, Pekin və Moskva arasında strateji dialoq nüvə təhlükəsizliyindən regional münaqişələrə qədər geniş məsələləri əhatə edir. Görüşün əsas əhəmiyyəti dəyişən dünya nizamında güc mərkəzləri arasında ortaq yanaşmaların axtarılması və beynəlxalq sabitliyin qorunması zərurətini gündəmə gətirməsidir. Qlobal sülhün təmin olunması qarşılıqlı maraqların nəzərə alınmasından, dialoqdan və strateji tarazlıqdan asılıdır.
Kadır Ertac Çelik,
Ankara Hacı Bayram Vəli Universitetinin professoru, beynəlxalq ekspert
Noyabrın 19-da Çinin Şençjen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) 33-cü Zirvə Görüşü çərçivəsində 3 böyük nüvə dövlətinin liderlərinin bir araya gəlməsini qlobal güc balansına və beynəlxalq sistemin gələcəyinə təsir göstərə biləcək mühüm siyasi hadisə kimi qiymətləndirmək lazımdır.
Görüşün gündəliyində nüvə silahlarının azaldılması, ABŞ/İsrail–İran, Rusiya-Ukrayna müharibələri, enerji təhlükəsizliyi, beynəlxalq ticarət marşrutları və texnoloji rəqabət kimi məsələlərin müzakirəsi gözlənilir. Bu dövlətlərin maraqları fərqli olsa da, hər biri qlobal mövqelərini möhkəmləndirməyə çalışır. ABŞ liderliyini və strateji üstünlüyünü qorumaq, Rusiya beynəlxalq sistemdə mövqeyini gücləndirmək və Ukrayna məsələsində maraqlarını təmin etmək, Çin isə iqtisadi, texnoloji və hərbi potensialını artıraraq qlobal nüfuzunu genişləndirmək niyyətindədir.
Donald Tramp üçün görüş Çinlə ticarət və texnologiya rəqabətini idarə etmək, eləcə də Rusiya-Ukrayna müharibəsi və İran məsələsində diplomatik üstünlük qazanmaq baxımından əhəmiyyətlidir. Moskva ABŞ-la danışıqlarda bərabərhüquqlu qlobal güc kimi çıxış etməyə, Pekin isə Rusiya ilə strateji tərəfdaşlığını qorumaqla yanaşı, Vaşinqtonla münasibətlərdə balans yaratmağa çalışır.
Tarixi baxımdan bu görüşü İkinci Dünya müharibəsindən sonrakı Yalta konfransı ilə müqayisə etmək düzgün olmazdı. Müasir beynəlxalq sistem daha mürəkkəbdir və regional dövlətlərin maraqlarını nəzərə almadan yeni dünya bölgüsü aparmaq real görünmür.
Şençjen sammiti “Soyuq müharibə” dövrünün ikiqütblü qarşıdurmasından fərqli olaraq, çoxqütblü və çoxşaxəli güc mübarizəsinin yeni mərhələsini əks etdirir. Görüşün həqiqi siyasi əhəmiyyəti isə liderlərin bir araya gəlməsindən daha çox, nüvə təhlükəsizliyi, İran və Ukrayna müharibələri, eləcə də qlobal iqtisadi və nəqliyyat əlaqələri ilə bağlı hansı real razılaşmaların əldə olunacağından asılı olacaq.
Yusif Şərifzadə
XQ