futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Misli Premyer Liqasında üç tur geridə qalıb.
Matçlardan sonra “Qəbələ”, “Araz-Naxçıvan” və “Sumqayıt” hələ qol hesabını aça bilməyib. Qələbəyə də həsrət qalan kollektivlərdən “Qəbələ” və “Araz-Naxçıvan”ın aktivində bir xal var, “Sumqayıt”a isə hələ bu sevinci yaşamaq qismət olmayıb.
“Qəbələ” uğursuz gedişata görə, baş məşqçisi Kaxaber Sxadadze ilə vidalaşdı. Gürcüstanlı mütəxəssisin ayrılığından sonra post müvəqqəti Asif Məmmədova tapşırılıb. Klub rəhbərliyi komandanın sabiq çalışdırıcısı Elmar Baxşıyevlə danışıqlara başlayıb. Mütəxəssisin “Qəbələ”də ikinci dönəmi tezliklə reallaşa bilər.
Yayda komandanın “sükanı”nı Cavid Hüseynova tapşıran “Araz-Naxçıvan” da mövsümün uğursuzlarındandır. Heyət demək olar ki, 95 faiz yenilənib. Legionerlər arasında anlaşmazlıq yoxdur. “Sabah”ın matçda buraxdığı qol da məhz bu səbəbdən baş verdi. Hüseynovun və komandasının vaxta ehtiyacı var. Lakin “Araz-Naxçıvan” rəhbərliyinin mütəxəssisə nə qədər şans verəcəyi qeyri-müəyyəndir.
İliçlə vidalaşan və portuqaliyalı Filipe Kandidonu komandaya baş məşqçi təyin edən “Sumqayıt” da hələ oyununu tapa bilməyib. “Kimyaçılar” 10 nəfərlə qalan “Qarabağ”a qol vura bilmədi. Komandanın hücum xəttində keyfiyyət çatışmazlığı var. Yarımmüdafiəçilər irəlidəki oyunçuları lazımi qədər topla təmin edə bilmir. Müdafiədə də kifayət qədər boşluqlar var və gedişat “kimyaçılar” üçün yaxşı görünmür. Kandidonun “Sumqayıt”a hansı fəlsəfəni tətbiq etdiyi, hansı oyunu oynatmaq istədiyi anlaşılmır. Qarşıdakı bir neçə turda “gənclik şəhəri” təmsilçisi ilə bağlı daha dəqiq nələrsə demək olar.
Şahin Cəfərov