Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Noyabrın 1-dən etibarən respublikanın dağlıq ərazilərinə istilik verilişinə başlanılıb".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat katibi Elvin Basqallı məlumat verib.
O bildirib ki, ölkə üzrə 14 dağ rayonundan Cəmiyyətin qazanxanalarının mövcud olduğu doqquzunda (Şuşa, Qəbələ, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Lerik, Şamaxı) payız-qış mövsümü ərzində 39 qazanxana və 1 istilik məntəqəsi vasitəsilə istiliklə təchiz olunacaq və mövsüm növbəti ilin may ayının 1-nə qədər davam edəcək: "Dağ rayonlarında 34 yaşayış binasının, 16 orta məktəb, 3 uşaq bağçasının, 2 səhiyyə müəssisəsinin, 18 sosial və təsərrüfathesablı obyektin istiliklə təmin edilməsi nəzərdə tutulub".
O həmçinin vurğulayıb ki, sözügedən ərazilərdə istilik ilə təchiz olunma zamanı hər hansı problem yaşanmayıb.
E.Basqallı məlumat üçün qeyd edib ki, Bakı şəhərində və digər rayonlarda isə payız-qış mövsümü cari ilin noyabr ayının 15-dən başlayır və növbəti ilin aprel ayının 15-nə qədər davam etməkdədir.
"Cari mövsümdə "Azəristiliktəchizat" ASC tərəfindən Bakı şəhəri və respublikanın regionlarında balansında olan 553 qazanxana və 88 istilik məntəqəsi vasitəsi ilə 3 278 yaşayış binasının, 184 500 minə yaxın mənzilin, 286 orta məktəbin, 158 uşaq bağçasının, 150 səhiyyə müəssisəsinin, 2600-a yaxın sosial və təsərrüfathesablı obyektin istiliklə təmin edilməsi prioritetdir.
2024-2025-ci illər payız-qış mövsümünə hazırlıq işləri davam etdirilməkdədir və mövsümə vaxtında başlanması, istehlakçıların dayanıqlı və keyfiyyətli istilik enerjisi ilə təchiz edilməsi üçün nəzərdə tutulan bütün tədbirlərin vaxtında icra edilməsi təmin ediləcək".