Üçrəngli bayrağımız əbədi olaraq dalğalanacaq

15.10.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

3 il öncə Azərbaycan Respublikasının Dövlət Bayrağı Xocalı, Əsgəran, Xocavənd şəhərlərində və Sərsəng su anbarının ərazisində ucaldılıb

15 oktyabr 2003-cü ildə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilən Müzəffər Ali Baş Komandan İlham Əliyev, öz missiyasının 20-ci ildönümündə Xankəndi şəhərinin mərkəzi meydanında, eləcə də Xocalı, Əsgəran, Xocavənd şəhərlərində və Sərsəng su anbarının ərazisində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bununla da ölkəmizin bütün ərazisində suverenliyimiz tam və qəti şəkildə bərpa olundu. 2003-cü ildə xalqın böyük etimadı ilə prezidentlik fəaliyyətinə başlayan İlham Əliyev andiçmə mərasimində bəyan etmişdi: “Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır və olunacaqdır. Mən bu siyasətə sadiqəm və heç vaxt bu yoldan dönməyəcəyəm.”

Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldan Prezident cənab İlham Əliyev demişdir: “Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi.

Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək.

İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır.”

3 il əvvəl Müzəffər Ali Baş Komandan İlham Əliyev bayrağımızı ucaltmaqla: Mərkəzi meydanda ucaldılan üçrəngli bayraq separatizmin otuz illik xülyasına son qoydu. Qanlı soyqırımı qurbanlarının ruhu şad oldu, Xocalı faciəsinin günahkarları tarixi ədalət qarşısında cavab verdi. Qarabağın hər bir tarixi istehkamında dövlətimizin qüdrəti bərqərar olundu. İllərdir su terroruna məruz qalan millyonlarla hektar torpaqlarımız və kəndlərimiz yenidən həyat mənbəyinə qovuşdu.

Xankəndi şəhərində çıxış edən dövlət başçısı xalqımıza və bütün dünyaya bəyan etdi: "Biz elə bir nəticə təsbit etmişik ki, bunun analoqu yoxdur. Bu gün biz haqlı olaraq qürur duyuruq... Biz öz ləyaqətimizi bərpa etmişik, biz tarixi ədaləti bərpa etmişik. Bizim Xankəndidə bu bayrağı qaldırmağımız təkcə ərazi bütövlüyünün bərpası deyil, həm də milli qürurumuzun təntənəsidir."

Şəhidlərimizin qanı, qazilərimizin şücaəti vər Ali Baş Komandanın dəmir iradəsi hesabına qazanılan bu Zəfər, Xankəndidə Qarabağ Universitetinin fəaliyyəti, Xocalıya, Şuşaya, Laçına əhalinin kütləvi qayıdışı ilə öz parlaq davamını yaşayır.

Xankəndidə ucalan üçrəngli bayrağımız əbədi olaraq dalğalanacaqdır. Azərbaycan xalqı öz Liderinin ətrafında bir yumruq kimi birləşərək öz imzasını tarixin ən şanlı səhifəsinə qızıl hərflərlə həkk etdi!

Müşfiq MİRZƏ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью