Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 29 sentyabr, AZƏRTAC
Şəhid polkovnik Babək Səmidlinin Vətən sevgisi və döyüş yolu onu tanıyanların xatirələrində yaşayır. Talış istiqamətində üçrəngli bayrağın ucaldılması isə Babək Səmidlinin döyüş yolunun yaddaqalan səhifələrindən biri kimi xatırlanır.
Bu barədə AZƏRTAC-a açıqlamasında şəhidin qardaşı I Qarabağ müharibəsi veteranı polkovnik Müşfiq Səmidli söyləyib. O, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış, ölümündən sonra “Zəfər” ordeninə layiq görülmüş polkovnik Babək Səmidlinin həyat və döyüş yolunun onun doğmaları, silahdaşları və rəhbərliyi altında xidmət etmiş əsgərlərinin xatirələrində özünəməxsus iz buraxdığını qeyd edib.
Müsahibimizin sözlərinə görə, I Qarabağ müharibəsi zamanı xidmət etdiyi bölüyə qayıdarkən Babək də onun arxasınca gedib. Qardaşı həmin günləri belə xatırlayır: “I Qarabağ müharibəsi dövründə xidmət etdiyim bölüyə qayıdırdım. Yoldaşlarım dedilər ki, qardaşın avtobusun dalınca qaçır. Əsəbiləşdim və sürücüyə dedim ki, avtobusu dayandırsın. Babək gəlib çatdı. Dedim ki, niyə arxamca gəlirsən, burada nə var ki? Vətən yolunda xidmətə gedirik də. Babək mənə belə cavab verdi: “Ay qardaş, məni danlama. Sən hər evə gələndə silahından bir patron götürürdüm. İndi onları sənə qaytarmaq istəyirəm. Əgər əsir düşsən, özünü öldür. Mənə əsir düşən qardaş lazım deyil”. Babəkin bu sözləri məni çox təsirləndirdi. Onu qucaqlayıb söz verdim ki, əgər əsir düşsəm, dediyi kimi edəcəyəm. Bu gün mənə bir daha aydın oldu ki, şəhadətə ucalmış qardaşımın Vətən sevgisi hələ uşaqlıqda mənə dediyi fikirlərdən başlayıbmış”.
Babək Səmidlinin rəhbərliyi altında xidmət etmiş Vətən müharibəsi iştirakçısı Məhəmməd Səmədov da şəhid polkovniklə bağlı xatirələrini bölüşüb: “Əsgərlərini öz doğma övladı kimi sevib-qoruyan, onlara xüsusi qayğı və mərhəmət göstərən Babək Səmidli 2009-2010-cu illərdə mayor rütbəsində bizim tabor komandirimiz idi. Bütün əsgərlərinin halı ilə yaxından maraqlanırdı. Əsgərlər məzuniyyətə gedərkən onları çağırıb “Yol pulun varmı, yaxud nəyəsə ehtiyacın varmı?” - deyə soruşurdu. Məndən də soruşmuşdu. Həyatımda onun kimi ikinci bir zabit görmədim. O, Uca Rəbbinə ibadət edən, davranışında və hər kəlməsində Allahı xatırladan, həqiqi vətənpərvər bir azərbaycanlı idi”.
Vətən müharibəsi qazisi, polkovnik-leytenant Etibar Camalov isə dostu Babək Səmidli ilə bağlı xatirələrindən danışarkən Talış istiqamətində yaşanan hadisəni yada salıb. “Döyüş əməliyyatından qayıtmışdıq, çox yorğun idik. Oturduğum yerdə məni yuxu tutdu. Birdən qulağıma azan səsi gəldi. Elə bildim yuxudur. Ayılanda gördüm ki, Babək müəllim böyük bir maşınla azan səsinin sədaları altında üçrəngli bayrağımızı Talış kəndində sancdı. Bizim ilk zəfərimiz Suqovuşan-Talış istiqamətində oldu”.
Müxbir - Tünzalə Arazlı