Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
9 Noyabr Dövlət Bayrağı Günü
Uzaq bir ölkədə Azərbaycan bayrağını görmək insana doğma yurda yaxınlıq hissi yaşadır. Həmin anda üç rəng bütöv bir ölkəni, onun dilini və insanlarını xatırladır. Bu hissin arxasında nəsillərin yaddaşında qorunan tarixi bağlılıq dayanır. Bayrağa məhəbbətin dərinliyi də onun tariximizlə şəxsi yaddaşımızı birləşdirməsindən qaynaqlanır.
Üçrəngli bayrağın yaranması milli düşüncəmizin inkişafı ilə bağlıdır. Əli bəy Hüseynzadənin milli kimliyi, İslam mədəniyyətinə bağlılığı və müasirləşməyi bir araya gətirən düşüncəsi bayrağımızın ideya əsaslarında ifadəsini tapır. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 9 noyabr 1918-ci il tarixli qərarı ilə bu bayraq dövlət rəmzinə çevrildi. Həmin seçim xalqımızın öz siyasi gələcəyini qurmaq niyyətini dünyaya çatdırdı. Bu baxımdan bayrağın tarixini öyrənmək milli fikrin dövlət qurmaq iradəsinə necə çevrildiyini anlamaqdır.
Əhməd Cavad və Cəfər Cabbarlı “Azərbaycan bayrağına” şeirlərində bu rəmzə duyğularını bölüşdükləri həmsöhbət kimi müraciət edirlər. Bu bədii münasibət bayrağın mədəniyyətimizdəki yerini aydın göstərir. Bayraq xalqın mənəvi dünyasına daxil olduqca onun sevinci, həsrəti və azadlıq arzusu ilə birgə yaşayır. Beləliklə, dövlət rəmzinə məhəbbət ədəbiyyatın dili ilə də nəsillərə ötürülür.
Ümummilli Lider Heydər Əliyev bu sevgini cəmiyyətin gündəlik həyatında yaşatmağı vacib sayırdı. Ulu Öndərin “Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun” çağırışı bayrağın ailə daxilində də doğma bir dəyərə çevrilməsini nəzərdə tuturdu. Ulu Öndərin Naxçıvanda üçrəngli bayrağın dövlət bayrağı kimi qəbuluna rəhbərlik etməsi tarixi irsə sədaqətin siyasi ifadəsi idi. 1998-ci il martın 13-də dövlət atributlarının təbliğinin gücləndirilməsi haqqında imzaladığı Sərəncam isə bu irsin öyrənilməsinə və cəmiyyətdə ehtiramla yaşadılmasına yönəlmişdi.
Prezident İlham Əliyevin diqqəti ilə bayrağımıza ehtiram ölkəmizin ictimai məkanında da geniş ifadəsini tapıb. Onun 2007-ci ildə Dövlət Bayrağı Meydanının yaradılması barədə qərarı, 2009-cu ildə Dövlət Bayrağı Gününü təsis etməsi dövlət rəmzlərinin təbliğində yeni imkanlar açdı. Meydanın və Dövlət Bayrağı Muzeyinin yaradılması insanlara rəmzlərimiz vasitəsilə dövlətçilik tariximizi tanımaq imkanı verir. Muzeydə nümayiş etdirilən tarixi nümunələr bayrağın keçdiyi yolu əyani şəkildə öyrənməyə kömək edir.
Bu münasibətin ən təsirli təzahürü bayrağımızın azad edilmiş torpaqlara qaytarılmasıdır. Prezident İlham Əliyev 2010-cu il sentyabrın 1-də demişdi: “Bizim bayrağımız Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır”. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış hərbi və siyasi uğurlar həmin sözləri gerçəyə çevirdi. Şuşada və Xankəndidə ucalan bayrağa baxarkən onun yolunda döyüşmüş insanların fədakarlığını, şəhidlərimizin əmanətini düşünürük. Bu ucalıqda bütöv bir xalqın illərlə qoruduğu ümidin gerçəkləşməsi var.
Bayrağa ehtiram onun nümayiş etdirilməsi qaydalarına diqqətdə də görünür. Rənglərin, aypara və ulduzun düzgün təsviri, bayrağın səliqəli saxlanılması həmin ehtiramın görünən ifadəsidir. Dövlət rəmzinə münasibətdə göstərilən qayğı insanın öz ölkəsinin adına verdiyi dəyəri əks etdirir. Gənclərimiz və idmançılarımız beynəlxalq uğurları ilə üçrəngli bayrağımızı dünyada qürurla dalğalandırırlar.
9 Noyabrda ehtiramla baxdığımız bayraqda onu dövlət rəmzi seçənlərin ümidi, qoruyub yaşadanların sədaqəti və uğrunda can verənlərin fədakarlığı yaşayır. Bu mənəvi irs hər birimizdən Azərbaycanın adına layiq yaşamağı və öz fəaliyyətimizlə onun nüfuzunu yüksəltməyi tələb edir. Üçrəngli bayrağımıza sahib çıxmaq Vətənə bütöv bir ömür boyu sədaqətlə bağlı qalmaqdır.
Rövşən muradov
Milli Məclisin deputatı