Ucuz işlənmiş avtomobil sonradan baha başa gələ bilərmi? USTA DANIŞDI

22.09.2026

Sia Az saytına istinadən Icma.az xəbər verir.

"Avtomobil alarkən alıcılar əsasən onun görünüşünə və qiymətinə diqqət yetirirlər. Halbuki bazarda zahirən böyük, cəlbedici və yaxşı vəziyyətdə görünən avtomobillərin bir qismi sonradan kifayət qədər böyük xərc tələb edir. Xüsusilə 15-20 il və daha çox yaşı olan iri krossover və SUV tipli avtomobillər bu baxımdan riskli ola bilər".

Bu sözləri SİA-ya açıqlamasında avtomobil ustası Sahil Ağabəyli deyib.

Onun sözlərinə görə, bazarda 10 min manata avtomobil alırsınızsa, bir neçə gün sonra onun üzərinə 3-5 min manat əlavə xərc çəkmək məcburiyyətində qala bilərsiniz:

"Sürət qutusunda problem varsa, onun təmiri bir neçə min manata başa gələ bilər. Mühərrik yağ sərf edirsə, bu problemin aradan qaldırılması da ciddi xərc tələb edə bilər. Belə olan halda avtomobilin bazar dəyəri 10 min manat olsa da, alıcı qısa müddət ərzində avtomobilin öz qiymətinin əhəmiyyətli hissəsi qədər əlavə xərc çəkmiş olur.

Bəzən vətəndaşlar bizə müxtəlif avtomobillərin elanlarını göndərərək onların ucuz və yaxşı seçim olduğunu bildirirlər. Avtomobil Yapon brendi və ya Almaniya istehsalı olduğu üçün onun problemsiz olacağını düşünmək düzgün deyil. Mən də alıcıları bu məsələdə diqqətli olmağa çağırıram. 10 min manata avtomobil almaq o demək deyil ki, həmin avtomobili bir il ərzində yalnız yanacaq xərci çəkərək problemsiz idarə edə biləcəksiniz.

Hətta yürüşü 100 min kilometrə qədər olan bəzi avtomobillərdə belə mühərrik və sürət qutusu ilə bağlı problemlər yarana bilər. Yürüşü 200-300 min kilometr olan avtomobillərdə isə bu risk daha da artır. Buna görə də avtomobil alarkən onun yalnız görünüşünə aldanmaq olmaz.

Avtomobilin xarici görünüşü yaxşı olsa belə, texniki vəziyyəti qənaətbəxş deyilsə, sonradan onu satmaq da çətinləşə bilər. Bəzi hallarda alıcı avtomobili aldığı qiymətə yaxın məbləğə belə sata bilmir və ciddi maliyyə itkisi ilə üzləşir.

Yeni avtomobil alarkən də diqqətli olmaq lazımdır. Bu gün Bakıda yeni avtomobillərin qiymətləri kifayət qədər yüksəkdir. Buna görə də nəqliyyat vasitəsi almazdan əvvəl onun tarixçəsini, texniki xüsusiyyətlərini, üstün və mənfi tərəflərini ətraflı araşdırmaq vacibdir. Avtomobili rəsmi dilerdən alırsınızsa, onun hansı üstünlüklərə və çatışmazlıqlara malik olduğunu əvvəlcədən öyrənin. Bu, sonradan peşmançılıq yaşamamağınız üçün əhəmiyyətlidir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью