Ucuz mənzillərə gedən yol BAĞLANDI

13.11.2026

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Hövsan Yaşayış Kompleksinin 2-ci mərhələsi üzrə, eləcə də Binəqədi Yaşayış Kompleksi, Şirvan Yaşayış Kompleksi və Yexlax Yaşayış Kompleksində yerləşən mənzillərin güzəştli satışını elan edib.

Agentlik bildirib ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hava Limanı-Zığ şosesi 8-ci km, 10L ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 5 mənzilin, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 10 may küçəsi, 590 saylı sahə ünvanında yerləşən Binəqədi Yaşayış Kompleksi üzrə 839 mənzilin, Şirvan şəhəri, Naxçıvan küçəsi, 58A ünvanında yerləşən Şirvan Yaşayış Kompleksi üzrə 201 mənzilin, Yevlax şəhəri, Rəşad Budaqov küçəsi, 1 ünvanında yerləşən Yevlax Yaşayış Kompleksi üzrə 4 mənzilin, ümumilikdə 1 049 mənzilin satışı dekabrın 16-sı saat 11:00-da başlayacaq və saat 13:00-a qədər davam edəcək. Mənzillərin qiymətləri yaşayış komplekslərinə və otaq sayına uyğun olaraq dəyişir.

Belə ki, Hövsan Yaşayış Kompleksində 4 otaqlı mənzilin qiyməti 118 800 manat təşkil edir. Binəqədi Yaşayış Kompleksində 3 otaqlı mənzillər 98 415 manatdan, 4 otaqlı mənzil 133 650 manatdan, 5 otaqlı mənzil isə 211 275 manatdan təklif olunur. Şirvan Yaşayış Kompleksində 2 otaqlı mənzillərin qiyməti 54 815 manat, 3 otaqlı mənzillərin qiyməti 69 160 manatdan, 4 otaqlı mənzillərin qiyməti isə 93 765 manatdan başlayır. Yevlax Yaşayış Kompleksində isə 1 otaqlı mənzillər 43 225 manata, 3 otaqlı mənzillər 70 490 manatdan, 4 otaqlı mənzillər isə 103 740 manata təklif edilir.

MİDA-nın məlumatına əsasən, Hövsan və Binəqədi yaşayış komplekslərində mənzillər yalnız şəxsi vəsait hesabına, Şirvan və Yevlaxda isə həm şəxsi vəsait, həm də ipoteka krediti vasitəsilə əldə edilə bilər. Güzəştli ipoteka üzrə illik faiz dərəcəsi 4%, kredit müddəti isə 3 ildən 30 ilədəkdir. Minimal ilkin ödəniş və 30 illik kredit müddəti nəzərə alınmaqla, Şirvanda aylıq ödənişlər 236 manatdan, Yevlaxda isə 186 manatdan başlayır. Qeyd edək ki, əksər vətəndaşlar üçün mənzil sahibi olmağın əsas yolu ipoteka kreditindən istifadə etməkdir.

Lakin MİDA-nın budəfəki satış şərtlərinə əsasən, Bakı şəhərində yerləşən Hövsan və Binəqədi yaşayış komplekslərindəki mənzillər yalnız şəxsi vəsait hesabına əldə edilə bilər. Bu isə güzəştli mənzil imkanlarından yararlanmaq istəyən, lakin mənzilin tam dəyərini ödəmək üçün kifayət qədər maddi imkanı olmayan vətəndaşların seçimlərini məhdudlaşdırır.

MİDA-nın əsas məqsədi vətəndaşları güzəştli mənzillə təmin etməkdirsə, niyə Bakıdakı bəzi komplekslərdə mənzillərin yalnız nağd pulla alınması şərti qoyulur? MİDA-nın satışa çıxardığı mənzillərin sayı niyə tələbatla müqayisədə bu qədər məhduddur?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bildirib ki, MİDA-nın mənzil siyasətində əsas problem güzəştli mənzil mexanizminin mövcudluğundan daha çox, onun əhatə dairəsi və maliyyə əlçatanlığı ilə bağlıdır:

“Bakı və Abşeron ərazisində mənzillərə tələbat, qiymətlərin yüksəkliyi və əhalinin gəlirləri arasındakı fərq nəzərə alınarsa, bəzi komplekslərdə ipoteka imkanının tətbiq edilməməsi güzəştli mənzilin sosial əlçatanlığını məhdudlaşdırır. Yalnız şəxsi vəsaitlə alış şərti aşağı və ortagəlirli ailələrin həmin mənzillərdən yararlanmaq imkanını azaldır. Bu yanaşmanın maliyyə və layihə əsaslandırması ictimaiyyətə daha aydın izah edilməlidir”. 

Onun sözlərinə görə, digər mühüm məsələ təklifin məhdudluğudur:

“Dörd kompleks üzrə 1049 mənzilin satışa çıxarılması sosial mənzilə olan geniş tələbat fonunda sistemli həll deyil, məhdud həcmli təklifdir. Burada problem yalnız mənzillərin sayında deyil, yeni yaşayış layihələrinin tikinti sürətində, torpaq və infrastruktur imkanlarında, maliyyələşmə modelində və mənzil təminatının uzunmüddətli planlaşdırılmasındadır”. 

Ekspert qeyd edib ki, MİDA-nın fəaliyyəti yalnız müəyyən sayda mənzili güzəştli şərtlərlə satışa çıxarmaqla ölçülməməlidir:

“Əsas meyar bu mənzillərin real ehtiyacı olan vətəndaşlar üçün nə dərəcədə əlçatan olmasıdır. Bunun üçün ipoteka mexanizmlərinin bütün uyğun layihələr üzrə genişləndirilməsi, mənzil fondunun mərhələli şəkildə artırılması, satış və seçim prosesində şəffaflığın qorunması, eləcə də tələbatı əks etdirən açıq statistik məlumatların dərc edilməsi vacibdir. Sosial mənzil siyasətinin məqsədi sadəcə mənzil satmaq deyil, mənzil probleminin həllinə real töhfə vermək olmalıdır”. 

Gülər Həsənli 
“Cebheinfo.az”

Açar sözlər: Ucuz mənzillər Fərid Cəfərli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью