Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Avropa futbolunun idarəedici orqanı UEFA FIFA prezidenti Canni İnfantinoya ciddi xəbərdarlıq edib. Təşkilat rəhbərindən könüllü şəkildə vəzifəsindən uzaqlaşmasını tələb edir, əks təqdirdə ona qarşı etimadsızlıq səsverməsinin başlanacağını bildirir.
"AzPolitika" "The Telegraph"a istinadla xəbər verir ki, UEFA-nın 55 üzv assosiasiyasının hamısı İnfantinonun uzaqlaşdırılması təşəbbüsünü dəstəkləməyə hazırdır. UEFA-nın daxili qaydalarına əsasən, belə bir səsvermənin başlanması üçün 43 üzvün razılığı kifayətdir.
Bu addım FIFA-nın Dünya Çempionatının kommersiya hüquqlarının bir hissəsini özəl investora satmaq planı ilə bağlı son günlərdəki böyük qalmaqaldan sonra atılıb. Təklif Avropa və digər qitə konfederasiyaları, eləcə də bir sıra milli assosiasiyalar tərəfindən kəskin tənqid olunmuşdu. UEFA hətta planın reallaşacağı təqdirdə bütün FIFA turnirlərini boykot edəcəyini açıqlamışdı.
Güclü təzyiqlərdən sonra İnfantino planı ləğv etdiyini elan edib. Buna baxmayaraq, UEFA rəhbərliyi bunun kifayət etmədiyini bildirib və FIFA rəhbərliyinin şəffaflıq və idarəetmə prinsiplərini pozduğunu vurğulayıb.
Xatırladaq ki, Canni İnfantino 2016-cı ildən FIFA-ya rəhbərlik edir. O, gələn ilin martında keçiriləcək prezident seçkilərində yenidən namizədliyini irəli sürmək niyyətində olduğunu əvvəllər açıqlamışdı. Hazırda isə Avropa futbolu onun gələcəyini ciddi şəkildə şübhə altına alıb.