Icma.az, GlobalInfo saytına istinadən bildirir.
Ötən gün Çempionlar Liqasının əsas mərhələsinin VII turunda “Qarabağ” klubu Almaniyanın “Ayntraxt” komandası ilə qarşılaşıb. Matçı isveçrəli hakimin idarə etməsi yerli futbol ictimaiyyətində birmənalı qarşılanmayıb. Bildirilir ki, İsveçrənin almandilli ölkə olması “Qarabağ”ın əleyhinə ədalətsiz qərarların verilməsinə zəmin yaradıb. UEFA-nın bu kimi məqamlara niyə diqqət yetirmədiyi sual doğurur.
Globalinfo.az-a danışan idman eksperti Kənan Məstəliyev deyib ki, problem yalnız İsveçrə amili ilə məhdudlaşmır.
Onun sözlərinə görə, “Qarabağ”ın oyunlarında indiyədək müxtəlif ölkələri təmsil edən hakimlər ciddi səhvlərə yol veriblər:
“Buna İsveçrənin “Bazel” klubu ilə səfər matçını misal göstərə bilərik. Eyni zamanda, Bakıda “İnter”ə vurduğumuz təmiz qolun ofsayd adı ilə ləğv edilməsini də unutmuruq. Belə nümunələr kifayət qədərdir. Təəssüf ki, hakimlər “Qarabağ”a qarşı dəfələrlə haqsız və ədalətsiz qərarlar veriblər və bu tendensiya davam edir. Sanki UEFA-da belə bir niyyət formalaşıb ki, Azərbaycan klubu Avropada irəliləyə bilməsin”.
K.Məstəliyev qeyd edib ki, “Qarabağ” Avropa arenasında qazandığı uğurları zəhməti və oyun keyfiyyəti hesabına əldə edir:
“Komanda möhtəşəm futbol oynayır və xallarını alın təri ilə qazanır. Lakin bəzən qərəzli və ya peşəkarlıqdan uzaq hakimlərin bu oyunlara təyin olunması, sanki xüsusi tapşırıqla “Qarabağ”ın qarşısını kəsməyə çalışmaları ciddi suallar doğurur. Belə məqamda UEFA-nın mövqeyi maraqlıdır”.
Ekspert hesab edir ki, bu məsələdə UEFA-nın da məsuliyyəti az deyil:
“Onlar “Qarabağ”ı və Azərbaycan futbolunu kiçik görür, bu uğurları qəbul etmək istəmirlər. Dövlət başçımızın oyundan sonra gecə saatlarında bu məsələ ilə bağlı paylaşım etməsi tam yerində oldu. Bir futbol azarkeşi və idman ictimaiyyətinin üzvü kimi buna görə təşəkkür edirəm. Bu bizə göstərdi ki, dövlət başçısı futbolun və azarkeşlərin yanındadır və haqsızlıq olacağı təqdirdə öz mövqeyini ortaya qoyur. Əgər ölkə rəhbəri də bu ədalətsizliyi görürsə, deməli, problem realdır. Ümid edirəm ki, UEFA mövcud narazılığın miqyasını anlayacaq və gələcəkdə bu cür hallara yol verilməyəcək”.
Zaira Akifqızı
Globalinfo.az