UEFA elə düşünür ki, Qarabağ üçün bura qədər bəsdir AÇIQLAMA

16.02.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ” və İngiltərənin “Nyukasl” komandaları fevralın 18-də qarşı-qarşıya gələcəklər.

Bəs nəticə necə ola bilər?

Redaktor.az-a danışan idman jurnalisti Natiq Muxtarlı bildirdi ki, "Qarabağ"-"Nyukasl" oyunu Azərbaycan futbol tarixinin ən önəmli oyunlarından biridir:

"Çünki tarixdə ilk dəfədir ki, bir Azərbaycan klubu Çempionlar Liqasının 1/16 final mərhələsində mübarizə aparır. Bu, Azərbaycan futbolu üçün çox böyük oyundur. Çox çətin oyun olacaq, bu birmənalıdır. İki Premyer Liqanın arasında yerlə göy qədər fərq var. Bunu bizə "Liverpul" ilə oyun da sübut etdi, əslində Premyer Liqaların fərqinin nə olduğunu bizə göstərdi. İngiltərə çempionatı çox güclü çempionatdır və bu komandaların təklif etdiyi sürətə Azərbaycan klubları tab gətirə bilmir. Baxmayaraq ki, "Qarabağ" böyük təcrübəyə malikdir, böyük klublarla oynayıb. Bu oyunun çox çətin olacağını güman edirəm".

Müsahibimiz vurğuladı ki, "Qarabağ" üçün hər şeyin bitdiyini də iddia edə bilməz:

"Çünki bu futboldur və "Qarabağ" dəfələrlə göstərib ki, möcüzə yarada bilər. Dəfələrlə özündən qat-qat güclü komandaları məğlub edib, onlardan xal alıb. Ona görə də "Nyukasl" ilə Bakıda oyunda "Qarabağ" rəqibə müqavimət göstərəcək, mübarizə aparacaq və "Nyukasl" üçün də Bakıda oyun asan olmayacaq, bu birmənalıdır. Bu oyunun bəzi detalları oyunun nəticəsinə təsir edəcək: əldən düşən imkanlardan yararlanmaq perspektivi, hansı oyunçunun zədələnməsi, hansı oyunçunun qırmızı vərəqə alması və hakimlik önəmli nüansdır. Dəfələrlə görmüşük ki, böyük klublarla oyunlarda kiçik klublara hakimlər necə ədalətsizcəsinə yanaşırlar. Bunu həm "Qarabağ"ın oyununda, həm də digər futbolu zəif olan ölkələrin klublarına qarşı oyunlarda görmüşük. Bu, birmənalı surətdə UEFA-nın tapşırığıdır: böyük klubları qorumaq, böyük klublara güzəşt etmək. Avropa futbolunda nələrin baş verdiyini görürük. Böyük klublar Super Liqa yaratmaq istəyirdilər: "Real Madrid", "Barselona", "Yuventus", "Mançester Siti". Məqsəd odur ki, Avropa futbolunda olan pullar hamısı onlara getsin. Yəni "Qarabağ" kimi komandalar orada olmasın.

"Qarabağ" kimi bir komandanın 1/16 finala gəlib çıxması böyük uğurdur və "Qarabağ" da buradan pul qazanır. Amma bunlar istəmirlər ki, o pulu "Qarabağ" qazansın. "Qarabağ" 1/8 finala vəsiqə qazansa, yenə də xeyli miqdarda pul alacaq, əvəzində "Nyukasl" pulsuz qalacaq. Təsəvvür edin, İngiltərə Premyer Liqasının nəhəng klublarından biri o puldan məhrum olacaq. İstəmirlər ki, hansısa klub "Nyukasl"ı mübarizədən kənarlaşdırsın".

Natiq Muxtarlının fikrincə, UEFA  elə düşünür ki, "Qarabağ" üçün bura qədər bəsdir:

"Güman edirəm ki, "Ayntraxt" ilə oyunda cənab prezidentin yazdığı status bəlkə UEFA-ya təsir edər. Cənab prezidentin paylaşımında hakimlik məsələsini birbaşa qabartması amilnə görə UEFA çəkinə və ən azı Bakı oyununda obyektiv olar. İngiltərədəki oyuna isə zəmanət verə bilmirəm. Oyun çətin olacaq, amma şans var. Azərbaycan azarkeşlərinin borcu nəticədən asılı olmayaraq stadiona gedib "Qarabağ"ı dəstəkləməkdir. Çünki "Qarabağ" artıq bütün möcüzələri gerçəkləşdirib. Ən azı bu mövsüm üçün lazım olan bütün möcüzələri gerçəkləşdirib və bizim iddialarımızı böyüdüb. Ona görə də "Qarabağ" bir təşəkkürə, bu minnətdarlığa layiqdir və ləyaqətlə də mübarizə aparacaqlar, bu birmənalıdır. Oyunun nəticəsindən asılı olmayaraq bizim borcumuz "Qarabağ"ı dəstəkləməkdir".

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью