Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
UEFA FIFA prezidenti Canni İnfantinonun futbol üzrə dünya çempionatının bir hissəsini özəlləşdirmək planı ilə bağlı sənədlərə çıxış əldə edə bilməməsindən narazıdır.
İdman.Biz xəbər verir ki, UEFA-nın bir sıra nümayəndələri, o cümlədən qurumun prezidenti Aleksander Çeferin FİFA-nın baş katibi Mattias Qrafstremə məktub ünvanlayıblar. Məktubu FIFA-nın üç vitse-prezidenti və təşkilatın İcraiyyə Şurasının beş üzvü imzalayıb.
Məktubda bildirilir ki, UEFA nümayəndələri oktyabrın 19-u və 23-də İnfantinonun təşəbbüsü ilə dünya çempionatının bir hissəsinin özəlləşdirilməsi planı barədə suallar ünvanlayıblar. Lakin FIFA indiyədək bu suallara cavab verməyib və tələb olunan sənədləri təqdim etməyib.
Noyabrın 2-də FIFA sənədlərlə tanış olmaq imkanı təklif etsə də, UEFA nümayəndələri bunun yalnız müəyyən edilmiş «əsas sənədlər»lə məhdudlaşmasından narazıdırlar. Onlar həmçinin sənədlərlə tanışlıq üçün nəzərdə tutulan «sərt qaydaların» nədən ibarət olduğunu bilmədiklərini vurğulayıblar.
Məktub müəllifləri qeyd ediblər ki, FIFA İcraiyyə Şurasının üzvləri kimi onların təşkilatın fəaliyyəti ilə bağlı sənədlərə çıxış əldə etmək hüquqları var. Bu hüquqlar həm FIFA-nın daxili qaydaları, həm də İsveçrə qanunvericiliyi ilə müəyyənləşdirilib.
Onlar FIFA-dan hansı sənədlərin təqdim ediləcəyini, bütün qaldırılan məsələlər üzrə materiallarla tanışlığa icazə verilib-verilməyəcəyini və tətbiq olunacaq məhdudiyyətlərin səbəblərini izah etməyi tələb ediblər.
Məktubda əsas sual belə qoyulub: FIFA prezidenti və onun administrasiyası təşkilatın İcraiyyə Şurası qarşısında hesabat vermək öhdəliyini qəbul edirmi?
Qeyd edək ki, İnfantinonun təşəbbüsü ilə irəli sürülən FIFA Forward Enterprise (FFE) layihəsi futbol ictimaiyyətində ciddi narazılığa səbəb olmuş, sonradan isə bu plandan imtina edilmişdi.