UEFA FIFA prezidentliyi uğrunda seçkilərdə İnfantinonun rəqibini dəstəkləyəcək

05.11.2026

Icma.az bildirir, Idman.biz portalına istinadən.

FIFA prezidenti Canni İnfantinonun 2027-ci ildə keçiriləcək seçkilərdə daha bir rəqibi olacaq. Yaponiya Futbol Assosiasiyasının fəxri prezidenti Kozo Taşima ali futbol qurumuna rəhbərlik etmək üçün namizədliyini irəli sürmək niyyətini açıqlayıb.

İdman.Biz “The Guardian”a istinadən xəbər verir ki, yaponiyalı funksionerin UEFA tərəfindən dəstəkləndiyi bildirilir.

Taşima futbol dairələrində nüfuzlu şəxs hesab olunur və seçkidə iştirak üçün tələb edilən dəstəyi toplayacağı gözlənilir. O, ötən ay Tokioda keçirilən Asiya Futbol Konfederasiyasının konqresi zamanı UEFA nümayəndələri ilə danışıqlar aparıb.

Avropa futbol qurumu bir neçə aydır İnfantinoya rəqib ola biləcək namizəd axtarır. UEFA-da Avropadan olmayan namizədin digər konfederasiyaların dəstəyini qazanmaq baxımından daha münasib seçim ola biləcəyi düşünülür.

Taşimadan başqa, “Tottenhem”in sabiq müdafiəçisi Ramon Veqa da FIFA prezidentliyi uğrunda mübarizə aparmaq niyyətini açıqlayıb. Lakin onun seçkiyə qatılmaq üçün tələb olunan beş milli federasiyanın dəstəyini toplayıb-toplamayacağı məlum deyil.

Qeyd edək ki, FIFA prezident seçkiləri 2027-ci il martın 18-də Mərakeşdə keçiriləcək. 2016-cı ilin fevralından quruma rəhbərlik edən İnfantino 2019 və 2023-cü illərdə yenidən seçilib. O, ardıcıl dördüncü müddətə prezident olmaq niyyətindədir.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью