Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
UEFA FIFA prezidenti Canni İnfantinonun dünya çempionatının kommersiya hüquqlarındakı payların özəl investorlara satılması planı ilə bağlı bəyanat yayıb.
Moderator.az "Sport Express" nəşrinə istinadən xəbər verir ki, UEFA Canni İnfantinonu səlahiyyət həddini aşmaqda ittiham edib.
Daha əvvəl "The Times" qəzeti yazmışdı ki, bu məsələ ilə bağlı danışıqlar ABŞ Prezidenti Donald Tramp administrasiyasına yaxın şəxslərlə aparılıb. Məlumata görə, İnfantino yaradılması planlaşdırılan yeni şirkətin komissarı ola və bu sxem vasitəsilə on milyonlarla funt sterlinq gəlir əldə edə bilər.
"Bu, futbolun idarəedici qurumlarının heç vaxt keçməməli olduğu həddin aşılması deməkdir. UEFA bu məsələyə son dərəcə ciddi yanaşır. Bütün milli assosiasiyalar, eləcə də prosesin bütün iştirakçıları - liqalar, klublar, futbolçular, azarkeşlər, hökumətlər və futbolun gələcəyinə biganə olmayan hər kəs də buna eyni münasibəti göstərməlidir.
Futbolun ruhu və onun idarə olunması, xüsusilə də maliyyə mənfəətinin kimə çatacağı məsələsində tam şəffaflıq olmadığı halda, alver obyekti ola bilməz", - UEFA-nın bəyanatında vurğulanıb.