UEFA İnfantinoya rəqib axtarır

08.10.2026

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

Avropa futbolunun rəhbərliyində qarşıdakı FIFA prezident seçkilərində Canni İnfantinoya rəqib ola biləcək mümkün namizəd müzakirə edilir.

İdman.Biz-in "AS" agentliyinə istinadən məlumat verir ki, məsələ bu gün Berlində keçirilən UEFA-nın "Top Executive Program" görüşünün kulislərində müzakirə olunur. Tədbirdə Avropa konfederasiyasının 55 milli assosiasiyasının prezidentləri və baş katibləri iştirak edir.

Görüşün rəsmi gündəliyi UEFA-nın müxtəlif turnirlərində dəyişikliklərə həsr olunub. Xüsusilə Millətlər Liqasının islahatı müzakirə ediləcək. Turnirin hazırkı klub avrokubokları sisteminə bənzər vahid “virtual liqa” formatına keçirilməsi planlaşdırılır.

Lakin İspaniya nəşrinin məlumatına görə, əsas qeyri-rəsmi mövzulardan biri UEFA-nın İnfantinonun yenidən FIFA prezidenti seçilməsinə münasibətidir. Avropa konfederasiyasının prezidenti Aleksander Çeferin FIFA-nın hazırkı rəhbərinin yeni müddətə seçilməsinin əleyhinə çıxış edir.

FIFA prezident seçkiləri martın 18-də Rabatda keçirilməlidir. Hazırda İnfantino seçkilərdə iştirak etmək niyyətini açıq şəkildə bəyan edən yeganə şəxsdir.

UEFA noyabrın 18-dək alternativ namizəd tapmağa ümid edir. Mümkün namizədlərdən biri KONKAKAF prezidenti Viktor Montagliani hesab olunur. Lakin onun namizədliyi hələ geniş dəstək qazanmayıb.

Keçmiş futbolçu Ramon Veqa da yenidən namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb. O, daha əvvəl 2015, 2019 və 2022-ci illərdə FIFA prezidenti postuna namizəd olmağa çalışıb.

Seçkilərdə iştirak etmək üçün namizəd son beş ilin ən azı ikisində futbolda fəal şəkildə çalışmalı, FIFA-nın İdarəetmə Komitəsinin yoxlamasından keçməli və ən azı beş milli federasiyanın dəstəyini almalıdır.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью