Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Niderlandın “Feyenoord” klubu Çempionlar Liqası matçında azarkeşlərinin törətdiyi qayda pozuntularına görə UEFA tərəfindən sərt şəkildə cəzalandırılıb.
Futbolpress.az xəbər verir ki, avrokubok yarışlarının 1-ci tur oyunları ilə bağlı intizam qərarlarını açıqlayan futbol qurumu, “Barselona” ilə “Kamp Nou”da keçirilən görüşdə niderlandlı fanatların irqçi davranışlar sərgiləməsi, meydana yad əşyalar atması, qeyri-etik şüarlar səsləndirməsi və qonaq komanda üçün ayrılmış tribunaya zərər vurması faktlarını təsdiqləyib.
Çoxsaylı xətalara görə Niderland klubuna tətbiq edilən ümumilikdə 74,375 avro məbləğindəki maliyyə sanksiyasının tərkibində azarkeşlərin irqçi və ayrı-seçkilik xarakterli hərəkətləri 25,000 avro, meydançaya yad əşyaların fırladılması 26,375 avro, “Kamp Nou” stadionunda törədilən vandalizm aktları 13,000 avro, idman tədbiri zamanı uyğunsuz və qeyri-etik mesajların nümayiş etdirilməsi isə 10,000 avro cərimə ilə nəticələnib.
UEFA Rotterdam təmsilçisinin növbəti səfər qarşılaşması üçün ayrılan bilet kvotasını 25 faiz azaldıb. Lakin bu cəzanın icrası 2 illik sınaq müddəti şərti ilə təxirə salınıb.