Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
FIFA prezidenti Canni İnfantino futbol ictimaiyyəti və aparıcı konfederasiyaların sərt etirazlarından sonra dünya çempionatlarının kommersiya hüquqlarının bir hissəsinin özəl investorlara satılması ilə bağlı təşəbbüsün ləğv olunduğunu açıqlayıb.
İnfantino bildirib ki, layihə futbol ailəsində ciddi fikir ayrılığı yaradıb və artıq təşkilatın əsas məqsədi olan futbolun birləşdirilməsi və inkişafına xidmət etmir.
Xatırladaq ki, bu həftə təqdim olunan FIFA Forward Enterprise (FFE) layihəsi kişilər və qadınlar arasında dünya çempionatlarının, eləcə də Klublararası Dünya Kubokunun kommersiya hüquqlarının bir hissəsinin investorlara satılmasını nəzərdə tuturdu. Layihə vasitəsilə 10 milyard dollardan artıq vəsait cəlb edilərək FIFA-nın 211 üzv assosiasiyası arasında bölüşdürülməsi planlaşdırılırdı.
Təşəbbüs qısa müddətdə geniş etirazla qarşılandı. UEFA-ya üzv 55 milli assosiasiya planın həyata keçiriləcəyi təqdirdə FIFA turnirlərini boykot edə biləcəklərini bəyan etdi. Sonradan KONKAKAF və Asiya Futbol Konfederasiyası da layihəyə qarşı olduqlarını açıqladılar.
Məsələ FIFA daxilində də narazılıq yaradıb. Prezidentin baş məsləhətçilərindən biri, ABŞ Futbol Federasiyasının sabiq rəhbəri Karlos Kordeyro istefa verib. FIFA-nın baş əməliyyat direktoru Kevin Lamur isə layihənin kifayət qədər məsləhətləşmələr aparılmadan hazırlandığını bildirərək rəhbərliyi tənqid edib.
Bununla da dünya futbolunun kommersiya hüquqlarının özəl investorlara satılması ilə bağlı mübahisəli plan rəsmi olaraq gündəmdən çıxarılıb.
XQ