Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
UEFA prezidenti Aleksandar Çeferin FIFA-nın DÇ və digər turnirlərin kommersiya hüquqlarının bir hissəsini özəl investorlara satmağı nəzərdə tutan “FIFA Forward Enterprise” (FFE) layihəsini kəskin tənqid edib. Sözügedən qalmaqallı təşəbbüs futbol ictimaiyyətinin ciddi etirazlarından sonra ləğv olunub.
Futbolpress.az xəbər verir ki, İspaniyanın “AS” nəşrinə danışan Çeferin futbolun kommersiyalaşdırılmasına qarşı sərt mesajlar verib:
“Bu oyunun gözəlliyi və ənənələri hər birimizi onun xidmətçisinə çevirir. Futbol onu oynayan, izləyən və həyatını ona həsr edən insanlara məxsusdur. Çətinliklərin öhdəsindən gəlməyin və irəli getməyin yeganə yolu fərqli baxışlarımızı birləşdirməkdir.
Lakin təəssüf ki, hər kəs oyunu öz şəxsi ambisiyalarından üstün tutmur. İdmanımıza olan inam üç əsas sütuna söykənir: birlik, şəffaflıq və çoxluğa xidmət edən idarəçilik.
Son zamanlar bu üç prinsip onu qorumağa söz verən şəxslər tərəfindən gözardı edildi. Dünya futbolunun birliyini pozan layihə bəlkə də ləğv olundu, lakin etimad hələ də bərpa olunmayıb. İndi əsas vəzifəmiz həmin inamı geri qaytarmaqdır.
Futbol satışa çıxarılmayıb! UEFA uzun illərdir məhz bu mövqeyi müdafiə edir və əminəm ki, qarşımızdakı sammit sözügedən mesajı daha geniş kütlələrə çatdırmağa kömək edəcək”.