UFC nin sabiq çempionu İslam Mahaçevin kəmərinin alınmasını tələb etdi

26.11.2026

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

UFC-nin yarımorta çəkidə sabiq çempionu Tayron Vudli qarışıq döyüş sənətləri üzrə rusiyalı döyüşçü İslam Mahaçevi sərt tənqid edib.

İdman.Biz “Mundo Deportivo”ya istinadən xəbər verir ki, buna dağıstanlı idmançının 2027-ci ilin ilk UFC turnirində döyüşməkdən imtina etməsi səbəb olub.

Mahaçev qərarını çempionluq uğrunda mübarizəyə layiq rəqibin müəyyənləşməməsi ilə əsaslandırıb. Lakin onun bu mövqeyi Vudlinin narazılığına səbəb olub.

“Çempionsansa, gözləyə bilməzsən. Sən hələ də Həbibin kiçik versiyasısan. Qarşına çıxan istənilən rəqiblə döyüşməlisən. Mən UFC-də bütün titul döyüşlərimə zədəli çıxmışam. Əgər zədən yoxdursa, özünü kim hesab edirsən? İliya Topuriyadan qaçaraq başqa çəki dərəcəsinə keçdin. İslam hər şeyi idarə etməyə çalışır. Onun kəmərini əlindən alın”, - deyə Vudli bildirib.

Sabiq çempion karyerası ərzində sümük sınıqları və vətər zədələri ilə mübarizə apardığını, hətta Conni Hendrikslə baldırında qan laxtası olduğu halda döyüşdüyünü də vurğulayıb.

“İslam Mahaçev, get bir kənarda otur. Bu, əfsanəvi çəki dərəcəsidir. Bura Jorj Sen-Pyerin çəki dərəcəsidir”, - deyə Vudli əlavə edib.

Qeyd edək ki, 2027-ci ilin ilk UFC turnirində braziliyalı Karlos Prates və ekvadorlu Maykl Morales yarımorta çəkidə müvəqqəti çempionluq kəməri uğrunda qarşılaşacaqlar.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью