Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ağdamın “Qarabağ” futbol klubu cari mövsüm Çempionlar Liqasının əsas mərhələsində ilk hissənin əvvəlində və ikinci hissənin sonlarında yüksək məhsuldarlıq nümayiş etdirir.
İdman.Biz xəbər verir ki, Qurban Qurbanovun komandasının əsas mərhələdə vurduğu 13 qoldan beşi taymlardan birinin ilk on dəqiqəsində qeydə alınıb. Bu göstərici “Qarabağ”ın Çempionlar Liqasının əsas mərhələsində vurduğu qolların ümumi sayının 38 faizindən çoxunu təşkil edir.
Bununla yanaşı, Azərbaycan çempionu görüşlərin son dəqiqələrində də dörd dəfə fərqlənib. Beləliklə, “Qarabağ”ın 13 qolundan 9-u ya bir və ikinci hissələrin əvvəlində, ya da sonluqlarında vurulub ki, bu da ümumi qolların 69 faizindən çoxuna bərabərdir.
Belə ki, Frankfurtun “Ayntraxt” klubuna qarşı qazanılan qələbə ilə başa çatan oyunda (3:2) Kamilo Duran hesabı 4-cü dəqiqədə açıb. Portuqaliyanın “Benfika”sı ilə görüşdə (3:2) isə eyni futbolçu 48-ci dəqiqədə fərqlənib. İspaniyanın “Atletik” klubuna qarşı səfər matçında (1:3) Leandro Andrade artıq 1-ci dəqiqədə hesabı açıb.
Hissənin əvvəlində vurulan daha iki qol Niderlandın “Ayaks” klubu ilə oyuna (2:4) təsadüf edib. Həmin qarşılaşmada Kamilo Duran 10-cu dəqiqədə, Mateus Silva isə 47-ci dəqiqədə topu rəqib qapısından keçirib.
Eyni zamanda, bir sıra görüşlərdə “Qarabağ” 80-ci dəqiqədən sonra da qol vurub. “Ayntraxt”la matçda Duran 80-ci dəqiqədə hesabı bərabərləşdirib (2:2), Bəhlul Mustafazadə isə 90+4-cü dəqiqədə qələbə qoluna imza atıb. “Benfika” ilə qarşılaşmada Aleksey Kaşuk 88-ci dəqiqədə həlledici qolu vurub. “Kopenhagen”lə oyunda (2:0) isə Emmanuel Addai 83-cü dəqiqədə danimarkalıların qapısına ikinci topu göndərib.
Qalan dörd qol Çempionlar Liqasının əsas mərhələsində hissələrin ortalarında vurulub. İtaliyanın “Napoli” klubu ilə görüş (0:2) isə hələlik Ağdam təmsilçisinin rəqib qapılarına yol tapa bilmədiyi yeganə matç olaraq qalır.
Xatırladaq ki, “Qarabağ” Çempionlar Liqasının əsas mərhələsində son oyununu səfərdə İngiltərənin “Liverpul” klubuna qarşı keçirəcək. Qarşılaşma yanvarın 28-də baş tutacaq. Yeddi turdan sonra Ağdam klubu 10 xalla turnir cədvəlində 18-ci pillədə qərarlaşıb.
Teymur Tuşiyev
İdman.Biz