Uğursuz atəşkəs, şiddətlənən müharibə: Rusiya Ukrayna cəbhəsində vəziyyət necədir?

21.04.2025

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Aprelin 20-də elan edilən Pasxa atəşkəsi Rusiya və Ukrayna arasında döyüşlərin heç olmasa qısa müddətə dayandırılması üçün bir fürsət kimi qiymətləndirilirdi. Lakin gözləntilərin əksinə olaraq, tərəflər atəşkəsə əməl etmədi və bir-birini onun pozulmasında ittiham etməyə başladılar. Atəşkəsin bu qədər qısa müddət ərzində uğursuzluğa düçar olması növbəti sülh təşəbbüslərinin taleyini sual altına salır.

Bəs bu hadisə Rusiya-Ukrayna müharibəsinin gedişinə hansı formada təsir edir?

Globalinfo.az-a danışan politoloq Kazım Kazımov bildirib ki, Pasxa və digər dini bayramlarda atəşkəs elan olunması dünya təcrübəsində müxtəlif nümunələrlə özünü göstərib:

“Yalnız Rusiya-Ukrayna müharibəsində deyil, başqa münaqişələr zamanı da dini bayramlarda atəşkəs elan olunub. Məsələn, ABŞ-ın Əfqanıstandakı hərbi əməliyyatları zamanı, Vaşinqton Talibanı terror təşkilatı kimi tanısa da, Ramazan bayramı dövründə qarşılıqlı razılaşma əsasında bir aylıq atəşkəs elan olunmuşdu. Eyni vəziyyəti İran-İraq müharibəsində də müşahidə etmişik”.

Kazım Kazımov

Politoloqun fikrincə, atəşkəsin reallaşması və ona əməl olunması mürəkkəb bir prosesdir:

“Rusiya-Ukrayna cəbhəsi olduqca genişdir. Dünənki Pasxa atəşkəsindən də göründü ki, tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham etməyə başladılar. Əslində, atəşkəsin qüvvəyə minməsi ilə onun tam icrası arasında müəyyən vaxt keçməlidir. Çünki qoşunların təmas xətti, informasiyaların qarşı tərəfə tam ötürülüb-ötürülməməsi və digər texniki məsələlər bu prosesə təsir edir”.

Kazım Kazımov qeyd edib ki, Pasxa atəşkəsinə əməl olunmaması gözlənilən idi:

“Hər iki tərəfin mövqeyi maksimalist xarakter daşıyır. Atəşkəsin davamlı olması üçün Rusiya və Ukraynanın maraqlarına uyğun, real şərtlər əsasında razılaşma əldə olunmalıdır”.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью