“Uimbldon”un sabiq qalibinə sərt cəza

29.06.2026

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

2023-cü ildə keçirilən “Uimbldon” turnirinin qalibi, çexiyalı tennisçi Marketa Vondrouşova dopinq-testdən keçməkdən imtina etdiyinə görə 4 illiyə diskvalifikasiya olunub. Bununla bağlı xəbəri Tennisdə şəffaflığın təmin olunması üzrə Beynəlxalq Agentliyin (ITIA) mətbuat xidməti yayıb.

2025-ci ilin dekabrında adı çəkilən idmançı yarışdankənar yoxlama çərçivəsində test nümunəsi verməkdən boyun qaçırıb. Sonrakı araşdırma zamanı 26 yaşlı tennisçi gec saatlarında evinin qapısını döyən, özünü təqdim etməyən dopinq müfəttişinin təklfindən boyun qaçırmasını təhlükəsizliyinə görə qorxması, stress və psixi durumunun yerində olmaması ilə izah edib. Ancaq Marketanın həmin münaqişə zamanı yaşananları sosial şəbəkədə yaymasını əsas gətirən agentlik bu dəlilləri əsaslı saymayıb.
Müstəqil tribunalın qərarı ilə Vondrouşova 2030-cu il iyunun 21-nə qədər diskvalifikasiya olunub. O, ITF, WTA, ATP və milli assosiasiyaların bayrağı altında keçirilən rəsmi yarışlarda iştirak edə bilməz.
Marketa sərt şəkildə cəzalanmasına sosial şəbəkə hesabında belə reaksiya verib:

“Heç vaxt dopinq qəbul etməmişəm. Heç vaxt dopinq-testim müsbət nəticə verməyib. Karyeram boyunca saysız-hesabsız yoxlamadan keçmişəm, korta həmişə təmiz vicdanla çıxmışam. Həyatımı dəyişən həmin qalmaqaldan cəmi üç gün sonra məni yenidən yoxladılar. Nəticə mənfi oldu. Bütün əvvəlki dopinq-testlərdə olduğu kimi”.


Xatırladaq ki, Vondrouşova 2023-cü ildə “Uimbldon”un qalibi, 2019-cu ildə isə “Rolan Qarros”un finalçısı olub. O, WTA turnirlərində üç titul qazanıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью