Ukrayna ABŞ ilə 20 bəndlik sülh sənədi imzalayacaq

27.01.2026

Icma.az, Reyting.az portalına istinadən məlumat verir.

Ukrayna Rusiya-Ukrayna müharibəsinin həlli üçün ABŞ ilə 20 bəndlik sülh sənədi imzalayacaq. ABŞ isə sülh prosesi çərçivəsində Rusiya ilə ayrıca sənəd imzalamağı planlaşdırır.

Reyting.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “European Pravda”ya müsahibəsində bildirib.

Nazir qeyd edib ki, hazırda sülh prosesinin mərkəzində olan 20 bəndlik sənəd ikitərəfli xarakter daşıyır. Onun sözlərinə görə, bu sənəd ABŞ və Ukrayna arasında imzalanacaq, paralel olaraq ABŞ ilə Rusiya arasında ayrıca razılaşma nəzərdə tutulur.

“Əgər yalnız bu 20 bəndlik çərçivədən danışırıqsa, bu, hazırda ABŞ və Ukrayna tərəfindən imzalanacaq ikitərəfli sənəddir. ABŞ və Rusiya arasında da ayrıca sənəd imzalanmalıdır. Bu, hazırda müzakirə olunan çərçivə sənədidir, lakin danışıqlar davam edir”, - deyə Sibiqa vurğulayıb.

Nazirin sözlərinə görə, Avropa tərəfi sülh prosesində, o cümlədən təhlükəsizlik zəmanətləri ilə bağlı müqavilələrin hazırlanması və təsdiqində iştirak edir.

Sibiqa xüsusilə “təhlükəsizlik zəmanətləri” anlayışının ön plana çıxmasının vacibliyini qeyd edib və bu zəmanətlərin hüquqi baxımdan məcburi olmalı olduğunu bildirib. Onun sözlərinə görə, bu zəmanətlərin, xüsusən də ABŞ Konqresi tərəfindən təsdiqlənməsi mühüm əhəmiyyət daşıyır.

Nazir əlavə edib ki, Rusiya ilə danışıqlarda keyfiyyətcə dəyişiklik müşahidə olunur və artıq yalançı tarixi iddialarla çıxış edilmir.

Bundan başqa, Sibiqa bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski sülh danışıqları çərçivəsində iki əsas məsələni həll etmək üçün Rusiya prezidenti Vladimir Putinlə şəxsən görüşməyə hazırdır.

E. KAMAL


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью